EN

Ərdoğan: Qəzzada ən qısa zamanda atəşkəs təmin olunmalı, Fələstinin müstəqilliyi tanınmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Yaxın Şərqdə davam edən münaqişələrə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı xüsusilə Qəzzadakı humanitar fəlakətin dayandırılmasının vacibliyini vurğulayıb və beynəlxalq ictimaiyyəti təcili hərəkətə keçməyə çağırıb.

"Qəzzada ən qısa zamanda atəşkəs təmin olunmalıdır. İsrailin digər Ərəb dövlətlərinə hücumları Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirir", – deyə Ərdoğan bildirib.

Türkiyə lideri həmçinin Fələstinin dövlət kimi tanınmasının beynəlxalq sülh və ədalət üçün əsas addım olduğunu qeyd edib. O, mövcud prosesin sürətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

"Biz bu gün öz vətəndaşlarımızla birlikdə səsinin boğulması istənilən Fələstin xalqının səsi olmaq üçün bu kürsüdən çıxış edirəm. Fələstini tanıyan ölkələrə təşəkkür edirəm. Hələ bu qərarı qəbul etməyən dövlətləri tez bir zamanda belə addımı atmağa çağırıram", – Ərdoğan deyib.

Prezident çıxışı zamanı həmçinin Fələstin lideri Mahmud Abbasın toplantıda iştirak etməməsindən təəssüf hissi keçirdiyini dilə gətirib:

"Fələstinin getdikcə daha çox ölkə tərəfindən tanınması fonunda bu ölkənin Lideri Mahmud Abbasın burada olmamasından duyduğum kədəri ifadə etmək istəyirəm".

Qeyd edək ki, BMT sessiyasında səslənən bu çağırış Qəzzada davam edən qanlı toqquşmalar fonunda beynəlxalq diqqəti yenidən bölgəyə yönəltdi. Son aylarda minlərlə insanın həyatına son qoyan əməliyyatların davam etməsi dünya ölkələrini narahat edir. Ərdoğanın bəyanatı isə Türkiyənin həm sülhün bərpası, həm də Fələstinin dövlətçilik hüququnun tanınması məsələsində prinsipial mövqeyini bir daha ortaya qoydu.

Chosen
4
1
far.az

2Sources