Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, hərbi attaşelər əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi təhsil ocağının ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdiriblər. Sonra hərbi institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub.
17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələri hərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar.
Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti barədə brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Hərbi attaşelər, həmçinin hərbi təhsil ocağında yerləşən Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olublar. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.