EN

Netanyahu dünyaya meydan oxudu - “Fələstin dövləti olmayacaq”...


Məhəmməd Əsədullazadə: “Böyük Britaniya və Fransa tərəfindən İsrailə qarşı sanksiyalar tətbiq oluna bilər”

Fələstin 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdikdən sonra getdikcə daha çox ölkə tərəfindən tanınır. Ən son məlumata görə, BMT-nin üzvü olan 193 ölkədən 155-i Fələstin dövlətini rəsmən tanıyıb.

BMT Baş Assambleyası ərəfəsində Avstraliya, Böyük Britaniya və Kanada Fələstin dövlətini tanıdığını rəsmən bəyan edib. ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının 80-ci iclası ərəfəsində daha 7 ölkənin Fələstini tanıdığını elan etməyə hazırlaşdığı bildirilir. Onların içində Böyük Britaniya, Fransa, Kanada dövlətləri var. Kanadanın ardınca Avstraliya da Fələstin dövlətini tanıyıb. Fələstin dövlətini tanıyan ölkələrin sayının 157-yə yüksələcəyi gözlənilir.

İşğalçı baş nazir Netanyahu Fələstin dövlətini tanıyan dövlətlərin “terrorçuluğu mükafatlandırdığını” iddia edib. Netanyahu illərdir Fələstin dövlətinin qurulmasına mane olduqlarını və buna imkan verməyəcəklərini bəyan edib: “Fələstin dövlətinin yaradılması çağırışları bizim mövcudluğumuzu təhdid edir və terrorizm üçün əsassız mükafatdır. Biz Birləşmiş Millətlər Təşkilatına və bütün digər cəbhələrə qarşı durmalı və haqqımızda yayılan yalan təbliğatla mübarizə aparmalı olacağıq. Birləşmiş Millətlər Təşkilatında şər qüvvələrə qarşı ədalətli mübarizəmizdə mən həqiqəti və həqiqi sülhə dair doğulmuş vizyonumuzu təqdim edəcəyəm”.

Bir sözlə, Netanyahu açıq şəkildə Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan etdi. Hətta Fələstini tanıyan dövlətləri hədələməkdən belə çəkinmədi. Maraqlıdır, dünyanın buna reaksiyası nə olacaq, nə olmalıdır?

“Netanyahunun apardığı siyasət ölkəni uçuruma aparır və hesab edirəm ki, bunun çox ciddi fəsadları olacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, İsrail-Fələstin münaqişəsi 1949-cu ildən davam edir: “İsrail BMT Baş Assambleyasının 29 noyabr 1947-ci ildə qəbul etdiyi iki dövlət həll planını qəbul etmir. İsraildəki sionistlər Fələstin xalqının müstəqilliklə bağlı təbii haqqını qəbul etmirlər. İsrail 1949, 1967-ci illərdə və ondan sonrakı dövrlərdə Fələstin ərazilərini işğal edib. Halbuki, BMT-nin qərarı var ki, Şərqi Qüds olmaqla Fələstin dövləti tanınmalıdır. Ancaq biz görürük ki, dünya siyasi nizamı pozulub, amma Fələstin dövlətinin tanınması, BMT tərəfindən qəbul olunması qaçılmaz reallıqdır. İsrailin Qəzzada HƏMAS-ı bəhanə edərək həyata keçirdiyi hərbi cinayətlər və soyqırımlara dünya səssiz qalmayacaq. Təbii ki, ABŞ İsrailə ciddi dəstək verir. ABŞ olmasa İsrail bu dərəcədə dirəniş göstərə bilməz, amma İsrailin qonşu ölkələr hesabına öz ərazilərini genişləndirmək siyasəti Böyük Britaniya, Fransa və digər ölkələri narahat edir. Dünya İsrailin törətdiyi soyqırıma seyrçi qalmamalıdır. Nəticədə, ABŞ istisna olmaqla, Qərb dövlətləri kütləvi şəkildə Fələstini tanıyır. Hesab edirəm ki, bu, İsrailin xarici siyasətinin fiaskosudur. O cümlədən, İsrail daxilində Netanyahuya qarşı etirazlar daha da artacaq. Əgər Fələstinə qarşı işğal siyasəti genişlənərsə, Avropanın bir neçə aparıcı dövləti çox sərt reaksiya verəcək. Xüsusən də Böyük Britaniya və Fransa tərəfindən İsrailə qarşı sanksiyalar tətbiq oluna bilər. Bu da İsraildə daxili xaosa gətirib çıxara bilər. Netanyahunun apardığı siyasət İsraili uçuruma aparır. Hesab edirəm ki, bunun çox ciddi fəsadları olacaq”.

Vidadi ORDAHALLI

Chosen
16
baki-xeber.com

1Sources