EN

“Qarabağ qədər vacib məsələ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər meşə və yaşıllıq zonaları ilə bağlı araşdırma aparıram. Təbii ki, buradan sizə vikipediya məlumatlarını təqdim etmək kimi bir fikrim yoxdur. Bu məlumatlar əlçatandır, istənilən şəxs axtarış sistemlərindən Azərbaycan və dünyada meşə örtüyü ilə bağlı dəqiq informasiyalar əldə edə bilər. Bəs yaxşı, onda niyə diqqəti bu mövzuya çəkmək istəyirəm?!

Məsələ burasındadır ki, artıq bir neçə ildir ki, Bakıda, istərsə də regionlarda ekoloji vəziyyətlə bağlı ciddi, çox ciddi, hətta deyərdim ki, qırmızı xətti keçəcək səviyyədə problemlər meydana çıxıb. Görünən də odur ki, ölkənin heç bir yerində meşəsalma, eləcə də yaşıllıqlarla bağlı böyük miqyasda işlər aparılmır. Tək-tük layihələr varsa da, bu, ümumi işə heç bir fayda gətirmir. Zəfər, Qayıdış, Şuşa, Xankəndi kimi müqəddəs bildiyimiz sözlər bizi başqa hədəflərdən yayındırıb sanki. Problemlər üst-üstə yığılır. Vaxtilə keçirilən ağacəkmə aksiyalarından əsər-əlamət yoxdur. Bakı daxil olmaqla, ölkənin böyük şəhərlərində yaşıllıqlar göz önündə məhv edilib, yerində boz, göyə zillənən çoxmərtəbəli binalar inşa olunub. Bu proses aşağı-yuxarı hələ də davam edir. Bakını xilas etməyi yalnız İlham Əliyev düşünür. Bunu tam məsuliyyətimlə deyirəm. Sovetskiyə göz dikən iş adamlarının nəfsi qarşısında böyük bir iradə dayandı. İndi bu yerlərdə yalnız parklar salınacaq. Amma bu, hələ azdır. Şəhərətarafı qəsəbələrdə, Abşeron yarımadasında, Şamaxı istiqamətində, ayrı-ayrı yaxın rayonlarda meşə zolaqlarının salınması üçün böyük iradəyə ehtiyac yaranıb. Bu gün dünyanın bir nömrəli problemi olan iqlim dəyişikliklərinin doğurduğu psixoloji, mənəvi təzyiqlərin xroniki hal almasının qarşısını yalnız yaşıllaşdırma siyasəti ala bilər.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə meşə sahələrinin artırılması üçün 2030-cu ilədək 170 min hektar ərazinin bərpası nəzərdə tutulur. Çünki bugünkü durum ürəkaçan deyil.

Bütün bunları təkrar-təkrar niyə vurğulayıram? Bizim ölkəmiz üçün Qarabağ qədər, Qayıdış qədər vacib olan dərin yaşıllaşdırma siyasətinə ehtiyac var. Bu, siz başa düşdüyünüz kimi, yalnız “ağac əkmək” deyil, həm də insanların sağlamlığını, gələcək nəsillərin rifahını və dövlətin ekoloji təhlükəsizliyini təmin edən strateji bir məsələdir.

Bu siyasətin əsas mahiyyəti ekoloji tarazlığı bərpa etmək də deyil. Aqressiv, sağlamlığa meyl göstərmək üçün çabalayan cəmiyyətlər üçün əsas dərman havanın təmizliyidir. Üstəlik, kənd həyatının mənalı olması üçün iqlim sabitləşməli, torpaqlar eroziyadan qorunmalıdır.

Su resurslarını qorumaq da dövlət təhlükəsizliyinin bir hissəsi olaraq xalqımızın gələcəyini özündə ehtiva edir. Siz daha neftdən, qazdan, pambıqdan az danışın. Əgər geniş meşə və yaşıllıq zolaqları olmasa, su dövranı zənciri qırılar, çaylar, bulaqlar və yeraltı sular zaman keçdikcə sürətlə quruya bilər.

Axı Azərbaycan hər birimizin evidir və buna görə də şəhər və bölgələrimizdə yeni-yeni parklar, bağlar salınmalıdır ki, havanın tozdan çirklənməsi dayansın, zəhərli qazların və səs-küyün azalmasına münbit zəmin yaransın. Bütün bunlar isə yekunda Azərbaycan insanının psixoloji rahatlığına gətirib çıxarsın.

Sözügedən məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təkbaşına görəcəyi bir iş də deyil. Bütün dövlət qurumları, komitələr, yerli icra hakimiyyətləri vahid səfərbərlik və xüsusi dövlət proqramı çərçivəsində əl-ələ verib genişmiqyaslı işlərə start verməlidir.

Səbəbini göstərim, mənə yəqin ki, haqq qazandıracaqsınız.

Əvvəla, onu deyim ki, meşə örtüyü Azərbaycanda cəmi 11–14% civarındadır. Bu, ekoloji tarazlıq üçün kifayət deyil.

Ona görə də uzun müddət meşəsalma prosesi davam etməlidir. Çox təəssüflər olsun ki, əvvəllər kütləvi ağacəkmə aksiyalarında əkilən ağaclara vaxtında qulluq göstərilmədi, suvarılmadı və yaxud uyğun olmayan yerlərdə əkildi. Nəticə isə belə oldu ki, onların böyük hissəsi məhv oldu. Deməli, yalnız aidiyyəti nazirlik bu işin öhdəsindən istəsə də, gələ bilməyəcək. Digər bir fakt: yuxarıda sadaladığımız kimi, şəhərlərdə (xüsusən Bakı və Abşeron yarımadasında) parkların və yaşıllıqların yerində çox vaxt yeni binalar, ticarət mərkəzləri tikildi ki, bu da yeni yaşıllıqların yaradılmasına hava və su qədər ehtiyac yaratdı.

Çox təəssüflər olsun ki, qazlaşdırma meşələrin qanunsuz qırılmasının tam qarşısını ala bilmədi. Dağlıq və kənd ərazilərində odun tələbatı, tikinti və təsərrüfat məqsədilə qırıntısı prosesi davam edir. Nəzarət olsa da, tam qarşısını almaq mümkün deyil. Burada da nəzarəti təkcə nazirlik edə bilməz. Ona görə də hüquq-mühafizə orqanları, ayrı-ayrı QHT-lər və digər qurumlar bu işdə birlikdə hərəkət etməlidir.

Quraqlıq və su qıtlığı yeni salınmış yaşıllıqların saxlanmasına ciddi çətinlik yaratdı. Xüsusən də Abşeronda ağacların suvarılması ciddi məsələ olaraq öz həllini tapmadı. Çünki ictimaiyyət bu sahədə olduqca passivdir. İnsanların bir çoxu ağacəkmə aksiyalarında iştirak etsə də, əksəriyyət əkilən ağaca sonradan sahib çıxmadı.

Ən əsası, uzunmüddətli strategiyanın zəifliyi bu işdə mənfi təsirini göstərdi. Bununla bağlı xüsusi proqramlar olsa da, bəzən qısamüddətli kampaniya xarakteri daşıdı. Görünən odur ki, hədəfə çatmaq üçün davamlı və elmi əsaslı planlaşdırma olmalıdır.

Beləliklə, bütün sadalanan məsələlər öz həllini tapsa, yəni yeni meşələr və parklar salınsa, məşğulluğun miqyası da hiss olunacaq dərəcədə artacaq. Turizm və kənd təsərrüfatının inkişafında misilsiz dəyişikliklər və inkişaf baş verəcək.

Fadil Paşayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
1
konkret.az

2Sources