EN

Ailə və gender məsələləri Azərbaycan mətbuatında - Son illər vəziyyət necədir? 

Azərbaycan mətbuatında ailə və gender məsələlərinin işıqlandırılması son illərdə nəzərəçarpacaq dərəcədə peşəkarlaşıb. Medianın bu mövzulara xüsusi həssaslıqla yanaşması həm cəmiyyətin maariflənməsinə, həm də gender bərabərliyi ideyalarının geniş yayılmasına xidmət edir. Jurnalistlərin ailə dəyərlərini qorumaqla yanaşı, qadın və kişinin bərabər hüquqlarını ön plana çıxarması isə ictimai şüurun inkişafında mühüm addım kimi qiymətləndirilir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Manset.az-a açıqlamasında bildirib ki, ölkə mətbuatının gender və ailə mövzularına yanaşması son illər daha çox maarifləndirici və sosial məsuliyyətli məzmun üzərində qurulur.


“Prosesin davamlı və sağlam olması üçün jurnalistlər və redaksiyalar etik normalara riayət etməli, həm ailə dəyərlərini,həm cəmiyyətin dəyərlərini, həm də insan hüquqlarını nəzərə almalıdır. Bu, həm oxucunun psixoloji təhlükəsizliyini qoruyur, həm də ictimai şüurun müsbət istiqamətdə formalaşmasına xidmət edir.

Son illər Azərbaycanda gender bərabərliyi və ailə institutunun gücləndirilməsi məsələləri həm dövlət siyasətində, həm də ictimai müzakirələrdə xüsusi önəm kəsb edir. Bu istiqamətdə media da mühüm rol oynayır.

• Dövlət proqramları və hüquqi baza: “Gender bərabərliyinin təminatları haqqında” qanun, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin fəaliyyəti, eləcə də BMT-nin və digər beynəlxalq qurumların təşəbbüs və tövsiyyələri mətbuatda bu mövzuların daha geniş və sistemli şəkildə işıqlandırılmasına zəmin yaradır.

• Media platformalarının artan marağı: Televiziya, xəbər portalları, sosial media və onlayn resurslarda ailə dəyərlərinin qorunması, qadın hüquqları, məişət zorakılığı, erkən nikahların qarşısının alınması, valideyn məsuliyyəti kimi mövzular əvvəlki illərə nisbətən daha çox gündəmə gətirilir.

• Maarifləndirici məzmunun güclənməsi: Xəbər və reportajlarla yanaşı, sosial kampaniyalar, sənədli filmlər, ekspert müsahibələri, hüquqşünas və psixoloqların çıxışları da artıb. Bu da təkcə problemləri göstərmək deyil, həm də onların həlli yollarını təqdim etməyə imkan verir.

• İctimai rəyin formalaşması: Media cəmiyyətdə gender bərabərliyinə dair stereotiplərin yumşalmasına, ailə münasibətlərində sağlam davranış modelinin təşviqinə də, təsir edir”.

Teymur Mərdanoğlunun sözlərinə görə, ümumilikdə, proses tədricən, amma müsbət istiqamətdə inkişaf edir. Lakin hələ də bəzi materiallarda sensasiya meyli, şəxsi hekayələrin emosional təqdimatı və ya qərəzli yanaşma kimi problemlər aradan qalxmayıb:

“Gender və ailə mövzuları ictimai həssaslıq tələb edən sahədir. Xəbər və ya reportaj hazırlayarkən aşağıdakı prinsiplərə əməl etmək həm peşəkarlığı, həm də cəmiyyətin sağlam münasibətini təmin edir:

Dil və terminologiya

• Neqativ yüklü ifadələrdən, stereotipləri gücləndirən sözlərdən (“zəif cins”, “qurban qadın”, “namus məsələsi” və s.) çəkinmək.

• Qərəzsiz, neytral və inklüziv dil işlətmək.

Etik yanaşma

• Zorakılıq, ailədaxili münaqişə və ya fərdi hekayələrdə şəxsi məlumatları açıqlamamaq, anonimliyi qorumaq (xüsusi ilə uşaqlarla bağlı)

• Hadisələrin dramatik və sensasiya xarakterli təqdimatından qaçmaq, mövzunu “şou”ya çevirməmək.

Balans və obyektivlik

• Mövzunu yalnız qadın hüquqları və ya ailə ənənələrinin prizmasından deyil, hər iki tərəfin – qadın, kişi, uşaq və ümumilikdə ailə institutunun maraqlarını nəzərə alaraq təqdim etmək.

• Ekspert rəylərinə, rəsmi statistikalara və hüquqi məlumatlara əsaslanmaq.

Psixoloji təsir

• Travmatik hadisələri işıqlandırarkən qurbanların emosional vəziyyətinə hörmətlə yanaşmaq, onların təkrar travma yaşamasına səbəb olacaq detallar verməmək.

• Oxucuya ümidsizlik və aqressiya deyil, həll yolları və çıxış perspektivləri göstərən material hazırlamaq.

Müsbət nümunələrin təşviqi

• Uğurlu ailə modellərini, gender bərabərliyinin müsbət nəticələrini, qadınların və kişilərin birgə əməkdaşlıq nümunələrini təqdim etmək.

• Maarifləndirici, motivasiyaedici hekayələr paylaşmaq cəmiyyətdə pozitiv düşüncə yaradır”.

 

Fidan Vəlisoy

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Chosen
23
manset.az

1Sources