EN

Meyxanaçı klarnet ifaçısına cavab vermək istəmədi: “Meyxana atam deyil, anam deyil...”

Meyxanaçı Orxan Lökbatanlı “Günə Uğurla” verilişində qonaq olarkən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun “Bəzi meyxanalar var ki, gənclərin tərbiyəsini pozur” sözlərinə münasibət bildirib. 

Meyxanaçı açıqlamasında “Hüseynin toyları azalan kimi bizdən, meyxanadan danışır. Meyxana heç kimin tərbiyyəsini pozmur, çünki tərbiyyə adamın evindən başlayır. Ot kökü üstündə bitir. Tərbiyəsi pozulmağa meyilli olan adam elə evdə də pozulur. Bir müddət qabaq elə klarnet ifaları ilə də gənclər pozulurdu. 

Elə musiqilər var idi ki, ona qulaq asanda başqa həyat yaşamaq istəyirdilər. Hər şey qaldı qırağa, meyxana pozdu tərbiyəni?

Kimin məclisi zəifləyir, yaddan çıxır, gəlir meyxanadan danışır. Hüseyn dostumdur, amma meyxanadan gərək meyxanadan başı çıxan adam danışsın. Bəzi şeylər var ki, onu efirdə danışmaq ayıbdır. 

Dünyada yeganə sənətdir ki, sadəcə Azərbaycanda var. Mən bir klarnet ifaçısı görmədim ki, müharibə vaxtı getsin cəbhədə ifa eləsin, amma meyxanaçılar gedirdi. Ona görə də hərə öz işi ilə məşqul olsun. Hüseynə belə danışmağa heç kəs ixtiyar vermir. Hərənin büdrədiyi zamanlar olub",- deyib. 

“Cebheinfo.az”a açıqlamasında meyxanaçı Vüqar Əbdülov bildirib ki, məsələni qalmaqal predmetinə çevirmək düzgün deyil. O qeyd edib ki, meyxana gənclərin tərbiyəsini pozmur: 

“Bununla bağlı heç nə deyə bilmərəm. Əgər mənim sənətimlə bağlı sualınız varsa, buyurun. Amma bu, qalmaqallı mövzudur. Niyə bu mövzunu qurcalayırsınız? Tərbiyəni pozmaq üçün mütləq meyxananı göstərmək lazım deyil. İstənilən qeyri-peşəkar görülən iş insanın tərbiyəsinə mənfi təsir göstərə bilər. Yəni Hüseyn yəqin ki, bunu ünvanlı deməyib. Ümumiyyətlə, mən belə deməzdim. Əgər ünvanlı deyibsə, bunu ünvan sahibindən soruşmaq lazımdır. Amma ümumi şəkildə deyibsə, elə şey yoxdur. Meyxana gənclərin tərbiyəsini pozmur”. 

Vüqar Əbdülov bildirib ki, meyxana sadəcə onun məşğul olduğu sənətdir: 

“Kim kimə nə deyib, mənim üçün maraqlı deyil. Meyxana mənim atam deyil, anam deyil, qardaşım deyil. Sadəcə məşğul olduğum sənətdir. Hər şeyin yaxşı və pis tərəfi var. Bəyəm jurnalistlərin hamısı yaxşıdır? Əgər mən kiminsə ünvanına pis söz demişəmsə, onda sən onu niyə özünə götürəsən və ya ona cavab verəsən ki?” 

Chosen
25
cebheinfo.az

1Sources