EN

“Rusiyanın Adnan Əhmədzadə kimi "5-ci kolon"çuların vasitəsilə Azərbaycana qarşı belə bir təxribat törətməsi...”

İş adamı Adnan Əhmədzadənin həbsi günlərdir ki, ölkə gündəminin əsas müzakirə olunan mövzuları sırasındadır. İqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə, külli miqdarda mənimsəmə əməllərində ittiham olunan iş adamının öz vətəninə xəyanət sayılacaq cinayətlərə yol verməsi böyük rezonans doğurub.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Musavat.com-a bildirib ki, Adnan Əhmədzadənin qaranlıq və zərərverici işlərinə görə həbs olunmasının ictimaiyyətdə böyük müzakirələr yaratması təbiidir:

Əlisahib Hüseynov 

“Çünki dövlətimiz ona bir gənc kadr kimi yüksək etimad göstərib. O isə göstərilən etimaddan öz şəxsi maraqları üçün istifadə edib, dələduzluğa və maxinasiyalara yol verib, dövlətimizə ziyan vurub, ölkəmizin işgüzar imicinə xələl gətirən cinayətkar əməllərə yol verib.

Bu adam iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz”. Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Onun bu əməli Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Üstəgəl, iyul ayında Azərbaycandan Rumıniya və İtaliyaya ixrac olunan xam neftin kimyəvi qatqılarla çirkləndirilməsinin də məhz Rusiyanın gizli təlimatı ilə Adnan Əhmədzadə tərəfindən törədildiyi barədə informasiyalar da yayılıb. Rusiyanın Adnan kimi "5-ci kolon"çuların vasitəsilə Azərbaycana qarşı belə bir təxribat törətməsi istər nəzəri, istərsə də praktiki baxımdan mümkündür. Çünki Rusiya son vaxtlar Azərbaycana qarşı bütün vasitələrlə "hibrid müharibə" aparır. Adnan Əhmədzadənin Rusiyanın və ya hər hansı digər ölkələrin xarici kəşfiyyat orqanlarına işləyib-işləmədiyi yəqin ki, təhqiqat işlərinin gedişində üzə çıxacaq”.

Ə.Hüseynov qeyd edib ki, bütün hallarda neft maxinasiyaları ilə məşğul olmaq, Azərbaycan neftini xam neft məhsulları ilə qarışdırıb dünya bazarına çıxarmaq dövlətimizə qarşı böyük təxribatdır: “Ona görə də bu gün bəzilərinin təxribatçı Adnanı az qala qəhrəman çıxarmağa çalışmaları və onu möhtərəm xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevə bənzətmələri, ictimai rəydə onun müsbət obrazını yaratmağa səy göstərmələri heç cür anlaşılan deyil. Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə vuran Adnan Əhmədzadədən "qəhrəman" düzəltmək cəhdi absurddur.

İqtisadi təhlükəsizliyimizə ağır zərbə vuran bu şəxsin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilməsi ölkəmizin beynəlxalq arenada işgüzar imicinə mənfi təsir göstərə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizənin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu addım həm də Azərbaycanın enerji sektorunda aparılan təmizləmə və şəffaflıq kampaniyasının bir hissəsidir. Bu kimi önləyici tədbirlər regionda marağı olan və Azərbaycana qarşı qeyri-dost mövqeyi tutan ölkələrin mümkün təxribatlarının qarşısının alınması baxımından da olduqca əhəmiyyətlidir”.

Cavanşir ABBASLI,
Musavat.com

Chosen
20
1
musavat.com

10Sources