Danimarka polisi bildirib ki, ölkənin əsas hava limanının bağlanmasına səbəb olan dronlar müəyyən bacarıqlarını nümayiş etdirmək istəyən bacarıqlı bir operator tərəfindən idarə olunmuş kimi görünür və hələlik heç bir şübhəli müəyyən edilməyib.
Skandinaviya regionunun ən sıx iki hava limanı olan Kopenhagen və Oslo hava limanları dünən gec saatlarda hava məkanında dronlar aşkar edildikdən sonra saatlarla bağlanmışdı.
Danimarka polisi baş müfəttişi Jens Jespersen mətbuat konfransında bildirib ki, dronların sayı və ölçüsü, hadisənin baş verdiyi vaxt kimi faktorları nəzərə alaraq, hadisədə bacarıqlı bir operatorun əli ola biləcəyini düşündüklərini söyləyib.
Onun kim ola biləcəyi barədə məlumatı olmadığını bildirən Jespersen Danimarka və Norveçdə baş verən (hava limanlarında dronların görünməsi) hadisələrin əlaqəli olub-olmamasını söyləmək üçün hələ çox erkən olduğunu əlavə edib.
Rusiyanın bu hadisədə hansı dərəcədə rolu ola biləcəyi sualına Jens Jespersen “Bu barədə bir şey deyə bilmərəm. Sadəcə bilmirəm” deyə cavab verib.
Jespersen Danimarkanın ən böyük hava limanı olan Kopenhagen hava limanında görülən dronların insanlara konkret bir təhdid yaratmadığını da qeyd edib.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagen ilə eyni adı daşıyan hava limanında təxminən 100 uçuş ləğv olunub və ümumilikdə təxminən 20 min sərnişin bu vəziyyətdən təsirlənib.
Digər tərəfdən kiber hücumlar və dronlar Avropa hava hərəkətini dayandırmaq təhlükəsini davam etdirir. Həftə sonu üçüncü tərəf xidmət provayderini hədəf alan təhdidlər Avropanın bir neçə böyük hava limanında əhəmiyyətli fasilələrə səbəb olub. Brüssel, Berlin və London kimi şəhərlərdə uçuşlar, qeydiyyat və minmə sistemlərində böyük çətinliklər yaşanmışdı. Hücumun təsirləri dünən də davam edib və əməliyyatlarda gecikmələrə səbəb olub.