EN

Deputat: Azərbaycan Prezidentinin mövqeyi BMT nin yenidən təşkilində nəzərə alınmalıdır

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanda həm yaxşı investisiya mühiti var, həm də ölkəmizdə uzunmüddətli sabitlik mövcuddur".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri və BMT-Azərbaycan münasibətlərindən danışarkən deyib.

"Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Səfər çərçivəsində dövlət başçısı bir sıra dünyaca məşhur qlobal investisiya şirkətlərinin sahiblərilə görüşlər keçirib. Sərmayə, yatırım sabitliyi və sülhü sevdiyi üçün onların Azərbaycan Prezidentilə görüşə maraq göstərmələri də təbiidir. Çünki Azərbaycanda həm yaxşı investisiya mühiti var, həm də ölkəmizdə uzunmüddətli sabitlik mövcuddur. Uzunmüddətli perspektivdə də sabitlik olacaq. Məsələnin digər tərəfi odur ki, Azərbaycan yeni reallıqda yaşıl iqtisadiyyat mərhələsinə keçid dövrünü yaşayır. Eyni zamanda, regional loqistikanı genişləndirməklə Transxəzər və Şərq-Qərb dəhlizi üzrə ölkəmizin iqtisadi cazibəsi artır".

Siyasi məsələlərə gəlincə, deputat düşünür ki, BMT özünün asan olmayan dövrünü yaşayır:

"Hətta bir sıra hallarda bunu BMT tarixinin böhran illəri kimi də qiymətləndirə bilərik. BMT-nin gözü qarşısında müharibələr baş verir, beynəlxalq və humanitar hüquq pozulur. Ancaq BMT mexanizmləri funksional institut kimi, proseslərə müdaxilə edə bilmir. Bəzi hallarda bunu BMT-nin strukturlarından irəli gələn formal yanaşmalar mümkünsüz edir, bəzən də qəbul edilən qərarlar icra olunmur". 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan Prezidenti BMT-nin yenidən təşkili, orada islahatlarla bağlı dəfələrlə fikirlər səsləndirib, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi vacibliyini vurğulayıb:

"Hazırkı mərhələdə bu çağırış daha da aktualdır. Ona görə də dövlət başçımızın mövqeyi BMT-nin yenidən təşkilində nəzərə alınmalıdır. Çünki BMT adından göründüyü kimi bütün millətlərin maraqlarını nəzərə alan qərarlar qəbul etməlidir. Sadəcə 5 daimi üzvün təzyiq aparatı kimi fəaliyyət göstərməməlidir. Deyilən məsələlər BMT Baş Assambleyasının sessiyasında mütləq nəzərdən keçirilməlidir. Yeni sabit dünya, yeni sülhün əsaslarının yaradılması üçün bu addımların atılmasına zərurət var".

Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası öz işinə başlayır. Tədbirdə təxminən 150 dövlət və hökumət başçısı, həmçinin xarici işlər nazirləri iştirak edəcək. Bir həftə ərzində beynəlxalq liderlər əsas qlobal çağırışları, sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişaf, insan hüquqlarının qorunması, gender bərabərliyi, süni intellektin idarə olunması, yoluxucu xəstəliklər və psixi pozuntularla mübarizə, eləcə də iqlim dəyişikliyinin fəsadlarını müzakirə edəcəklər.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yollanıb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Prezidenti Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
qaynarinfo.az

1Sources