EN

Orta Dəhliz Amerika şirkətləri üçün nəhəng biznes imkanları açır - USACC icraçı direktoru

Son onillikdə Orta Dəhliz sürətlə yaxşı inkişaf etmiş logistik obyektlər, boru kəmərləri, fiber-optik rabitəsi və xidmətlər şəbəkəsinə malik zonaya çevrilib və beynəlxalq şirkətlər, xüsusilə amerikalı şirkətlər üçün böyük ticarət və biznes imkanları təqdim edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov Azərbaycan, Gürcüstan və Qazaxıstanı əhatə edən Orta dəhliz regionuna Amerikalı iş adamlarından ibarət nümayəndə heyətinin səfərinin yekunlarına dair verdiyi özəl müsahibədə bildirib.

Missiya 4-11 sentyabr tarixlərində USACC, Amerika-Gürcüstan Biznes Şurası və Qazaxıstandakı Amerika Ticarət Palatası tərəfindən birgə təşkil olunub və burada amerikalı dövlət və özəl sektor nümayəndələrinin liderləri bir araya gəlib.

"Amerikalı iş adamlarından ibarət nümayəndə heyətinin bu regiona səfəri zamanı həm dövlət, həm də özəl sektordan olan nümayəndələrlə birlikdə imkanları gördük. Xüsusilə Xəzər dənizinin hər iki sahəsində - Ələt və Aktau limanlarında irəliləyiş ruhlandırıcıdır. Mangistau hakimiyyətinin Aktau limanını logistika və turizm mərkəzinə çevirmək üzrə iddialı planları Azərbaycan tərəfindəki oxşar təşəbbüslərlə uyğunluq təşkil edir",- deyə o bildirib.

Baxışov qeyd edib ki, perspektivdə logistik xidmətlər və əlavə dəyərli xidmətlər Orta Dəhliz üçün prioritet sahələrdən olacaq.

"Marşrut boyunca iqtisadiyyatların yeni reallıqlara uyğunlaşaraq daha çevik və biznes yönümlü olması sevindiricidir. Missiyamız zamanı biz Ələt və Tbilisidə sərbəst iqtisadi zonaları ziyarət etdik; burada artıq yüksək ixrac potensialına malik beynəlxalq şirkətlər fəaliyyət göstərir. Yalnız Ələt Azad İqtisadi Zonasında 20-dən çox beynəlxalq şirkət yerləşib. Amerikalı şirkətlər üçün ən böyük potensialı Avrasiya təchizat zəncirlərinə malik firmalarda görürük; onlar bu zonalarda fəaliyyət göstərməklə fayda əldə edə bilərlər", USACC icraçı direktoru əlavə edib.

O bildirib ki, Orta Dəhlizin fəaliyyətini təmin edən əsas amillər Azərbaycan, Qazaxıstan və Türkmənistanın tranzit imkanlarıdır (Xəzər dənizi vasitəsilə).

"Xəzər sahilindəki dövlətlərin liman infrastrukturlarını genişləndirməyə yatırım etməsi və əməliyyatların harmonizasiyasına çalışması sevindiricidir. Liman infrastrukturundan əlavə, Xəzər bərə donanmasının da Dəhlizin işləməsində mühüm rolu var. Burada Bakı Dəniz Gəmiqayırma Zavodunun fəaliyyəti qeyd edilməlidir; bu, regional kommersiya donanmasının müstəqilliyinə böyük töhfə verir. Missiyamız zamanı Qazaxıstan nümayəndələri bərə güclərinin artırılması planlarını bölüşdülər. Bu, regionda yük tranzitinə olan tələbin artdığının vacib göstəricisidir",- deyə o əlavə edib.

Orta Dəhlizin infrastrukturu: nümayəndə heyətinin müşahidələri

Baxışov qeyd edib ki, bu missiya, o cümlədən nümayəndə heyətinə Orta Dəhliz boyunca real iş prosesi və xidmətlərlə tanış olmaq imkanı yaratması baxımından da unikal olub.

"Xəzər dənizinin hər iki tərəfində yerləşən limanlarda əldə olunan tərəqqini görmək ruhlandırıcıdır. Tranzit yükdaşımalarının sürətlə artması ilə yanaşı, limanlar və logistika obyektləri də bu artıma uyğun şəkildə genişlənir. Bakı Limanında isə biz yüklərin emalını sürətləndirəcək gələcək genişlənmə və optimallaşdırma planları ilə tanış olduq.

Əlbəttə, bu proseslər müəyyən problemlərlə də müşayiət olunur. Ən kəskin məsələlərdən biri Xəzər dənizinin səviyyəsinin enməsidir. Məsələn, Aktau limanında limanın normal fəaliyyətini təmin etmək üçün aparılan dibdərinləşdirmə işlərini müşahidə etdik",- deyə o bildirib.

USACC-nin icraçı direktoru vurğulayıb ki, Orta Dəhlizin fiziki infrastrukturundan danışarkən, xüsusilə Azərbaycanda istehsal olunan bərələr Xəzər daşımalarının əsasını təşkil edir.

"Onlar marşrut və yolda sərf olunan vaxtın dəqiq hesablanmasına imkan verən müasir texnologiyalarla təchiz olunub. Bununla belə, yük göndəricilərinin də qeyd etdiyi kimi, hərəkət cədvəlləri hələ də qeyri-müəyyəndir və qrafikin yaxşılaşdırılması biznesin işini xeyli asanlaşdıra bilərdi. Nümayəndə heyətimiz, həmçinin, Bakıdan Tbilisiyə quru nəqliyyatı ilə səyahət edərək yolların vəziyyəti barədə əyani təsəvvür əldə etdi. Ümumilikdə magistral yollar yüksək standartlara uyğun inşa olunub ki, bu da həm sərnişin, həm də yük daşımalarına müsbət təsir göstərir. Lakin məhdud keçid imkanlı sahələr də mövcuddur - xüsusilə də, avtomobil yolları birbaşa yaşayış məntəqələrindən keçərkən, nəqliyyat axınının ləngiməsinə səbəb olur.

Nəhayət, Azərbaycanda olduğumuz müddətdə biz Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə də görüşdük. İnfrastrukturun müasirləşdirilməsi, o cümlədən Gürcüstanla birgə sərhəd-keçid məntəqəsinin yaradılması planları barədə eşitdiklərimizə məmnun olduq. Bu kimi layihələr siyasətin harmonizasiyasından tutmuş qabaqcıl texnologiyaların tətbiqinədək qonşu ölkələrin çoxkomponentli yanaşmasını tələb edir. Biz hesab edirik ki, etibarlı Amerika texnologiyaları bu proseslərdə mühüm rol oynaya bilər və oynamalıdır da", - deyə Baxışov əlavə edib.

Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması

USACC-nin icraçı direktoru qeyd edib ki, Orta Dəhlizə artıq yalnız alternativ və ya "plan B" marşrutu kimi baxmaq olmaz.

"Şərqi Avropada baş verən son geosiyasi dəyişikliklər, xüsusilə də Rusiyanın Ukraynaya qarşı müharibəsi, tədarük zəncirlərini pozdu və minlərlə Amerika və Avropa şirkətini Rusiya bazarını tərk etməyə məcbur etdi. Bu isə göstərdi ki, dünya ticarəti geosiyasi sarsıntılar qarşısında nə dərəcədə həssas ola bilər. Bu kontekstdə Orta Dəhliz Avrasiyanın əsas ticarət arteriyasına çevrilir, Mərkəzi Asiya və Qafqaz vasitəsilə Şərqlə Qərbi Avropaya birləşdirir, eyni zamanda təhlükəsiz və proqnozlaşdırıla bilən xidmətlər təqdim edir.

Şübhəsiz ki, Dəhlizin multimodal xarakteri müəyyən çətinliklər yaradır. Lakin fiziki infrastruktur - regional obyektlər və şəbəkələr, eləcə də "yumşaq infrastruktur" - siyasətin əlaqələndirilməsi və xidmətlərin harmonizasiyası sahəsində investisiyalar davam etdirilərsə, Dəhliz mövcud marşrutlarla tam rəqabət apara biləcək vəziyyətə gələ bilər. Təkcə ötən il rəqəmsallaşdırma və harmonizasiya istiqamətindəki səylər sərhəd keçid vaxtını 30% azaltmağa imkan verdi ki, bu da islahatların real nəticəsini aydın göstərir",- deyə o bildirib.

Baxışovun fikrincə, Orta Dəhlizin qlobal biznes üçün uzunmüddətli cəlbedici məntəqəyə çevrilməsi üçün marşrut boyu hər bir iqtisadiyyatda tədarük zəncirlərinə əlavə dəyər qatmaq zəruridir.

"Dəhlizdən keçən yüklərə əlavə dəyər verməklə ölkələr onu beynəlxalq ticarətin əsas sütunlarından birinə çevirə bilərlər. İnsanlara sərmayə qoyuluşu da az əhəmiyyət daşımır. Yerli əmək bazarının inkişafı, mühəndislik, yüksək texnologiyalar, xidmət sektoru və digər sahələrdə insan kapitalının formalaşdırılması şirkətlərdə bu regionu yalnız tranzit zonası kimi deyil, həm də uzunmüddətli inkişaf və investisiya məkanı kimi görmək inamı yaradacaq", - deyə o əlavə edib.

Dəhlizin inkişafında Amerika şirkətləri ilə tərəfdaşlıq imkanları

"Nümayəndə heyətinin tərkibində olan bir neçə şirkət artıq potensial biznes tərəfdaşlarını müəyyən edib və biz onlarla əlaqəni davam etdiririk ki, bu səfərin onların biznesinə nə dərəcədə fayda gətirdiyini daha yaxşı anlayaq.

Vacib məqamlardan biri odur ki, missiyamıza ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) qoşuldu. Hər iki təşkilat ABŞ-la Orta Dəhliz regionu arasında ticarət və biznesin inkişafına mühüm dəstək göstərir. DFC uzun illərdir Gürcüstanda fəaliyyət göstərir və FedEx obyektlərindən tutmuş mehmanxanalara və əyləncə komplekslərinə qədər müxtəlif layihələrdən ibarət portfelə malikdir. DFC-nin idarəedici direktoru Kennet Endcelin vurğuladığı kimi, korporasiya Orta Dəhliz regionunda ABŞ-ın iqtisadi tərəfdaşlıqlarını inkişaf etdirmək üçün özəl sektorla fəal əməkdaşlıq edir. Limanlar, nəqliyyat və logistika daxil olmaqla, kritik infrastruktur sahələrinə investisiya üçün böyük potensial mövcuddur", - deyə USACC-nin icraçı direktoru bildirib.

O, həmçinin USTDA-nın roluna toxunub.

"Agentlik texniki-iqtisadi əsaslandırma və texniki yardım üzrə qrantlar vasitəsilə iri infrastruktur layihələrinə dəstəkdə mühüm rol oynayır. Bu isə yerli bazar iştirakçıları üçün Amerika şirkətləri və xidmət təchizatçıları ilə əməkdaşlıqda yeni imkanlar yaradır",- deyə Baxışov əlavə edib.

Qarşıdakı biznes missiyaları haqqında

"Biz yeni missiyaların təşkilini ciddi şəkildə nəzərdən keçiririk, çünki şirkətlərin biznes imkanlarını daha yaxşı dərk etməsi və uyğun tərəfdaşlarla əlaqə qurması üçün onlar əvəzsiz əhəmiyyət daşıyır. Bu il Azərbaycan Ümumdünya Telekommunikasiya İnkişaf Konfransına ev sahibliyi edəcək və bu tədbir biznesi yeni perspektivlərlə əlaqələndirmək üçün əla platforma olacaq. Mən hesab edirəm ki, bu əlamətdar hadisə eyni zamanda Amerika şirkətləri nümayəndə heyətinin növbəti missiyası üçün də zəmin yarada bilər. Məqsədimiz Amerika texnologiyalarının Azərbaycanın və bütün regionun gələcək texnoloji inkişafında mühüm rol oynamasını təmin etməkdir",- deyə o bildirib.

Baxışov həmçinin TRIPP təşəbbüsünün (Trump Route for International Peace and Prosperity - Beynəlxalq Sülh və Rifaha Aparan Tramp Marşrutu) icrasına başlanması ilə Amerika şirkətləri üçün geniş imkanlar yarandığını qeyd edib.

"Biz TRIPP çərçivəsində yaranan imkanları diqqətlə qiymətləndirəcəyik və çox güman ki, bu konsepsiya əsasında xüsusi bir ticarət missiyası da təşkil olunacaq", - deyə o əlavə edib.

Orta Dəhliz boyunca əməkdaşlığın gücləndirilməsində növbəti addımlar

USACC-nin icraçı direktoru hesab edir ki, ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal gömrük islahatı, yeni logistika habları, enerji sahəsində inteqrasiya və idarəetmənin harmonizasiyası birlikdə Orta Dəhlizi yaxın illərdə Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən etibarlı, rəqabətə davamlı və strateji əhəmiyyətli ticarət marşrutuna çevirə bilər.

"Mənim fikrimcə, ilk növbədə multimodal nəqliyyat ötürmə qabiliyyətinin genişləndirilməsi vacibdir. Bu, dəmir yolu bağlantılarının və əlaqəli marşrutların müasirləşdirilməsi, həmçinin terminalların yenilənməsi hesabına həyata keçirilməlidir ki, ötürmə gücü artsın və tranzit vaxtı azalsın. Xəzər regionunun Ələt, Aktau və digər əsas mərkəzlərindəki liman obyektləri də bərə reyslərinin tezliyini artırmalı və yüklərin emalı səmərəliliyini yüksəltməlidir.

Bundan az əhəmiyyətli olmayan digər məsələ gömrük və sərhəd prosedurlarının uyğunlaşdırılması və rəqəmsallaşdırılmasıdır. Orta Dəhliz boyunca "bir pəncərə" sistemlərinin inteqrasiyası yüklərin rəsmiləşdirilmə vaxtını əhəmiyyətli dərəcədə azalda bilər. Yaxşı bir nümunə Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən istifadəyə verilmiş vahid Transxəzər gömrük-tranzit elektron portalıdır. Bu sistem artıq Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanı əhatə edir. Belə çoxtərəfli mexanizm yük göndəricilərinə inamı artırır və xüsusilə vaxt həssas yüklər üçün proqnozlaşdırmanı yaxşılaşdırır", - deyə o bildirib.

Sonda Baxışov qeyd edib ki, dəhlizin uzunmüddətli uğuru logistika hablarının və daxili azad iqtisadi zonaların qarşılıqlı uyğunluğundan asılı olacaq.

"Uyğunlaşdırılmış prosedurlar və inteqrasiya olunmuş xidmətlər nəqliyyat növləri arasında maneələri azaltmaq və bütün sistemin regionda fasiləsiz fəaliyyətini təmin etmək üçün əsas şərtdir", - deyə o yekunlaşdırıb.

Chosen
2
1
day.az

2Sources