EN

Banklarla bağlı məhkəmə qərarları niyə icra olunmur? – AÇIQLAMA

Azərbaycanda yerinə yetirilməyən məhkəmə qərarlarından 340 mindən çoxu bank sistemi ilə bağlıdır. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Onun fikrincə, nə qədər ki bank sistemi bu faiz və bu şərtlərlə çalışır və təminatsız kreditlər verir, bu problemlər qalacaq.
Bəs, ekspertlər nə düşünür? Bank sistemi ilə bağlı məhkəmə qərarları niyə icra olunmur?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bank eksperti Emin Kərimov bildirib ki, bəzi hallarda banklar satış məqsədilə daha çox müştəriyə kredit verir və risklərə göz yumur:
“Bu, satış siyasəti ilə bağlı olan bir məsələdir. Sonradan həmin kreditlərlə bağlı problem yaranmasını banklar özü gözə alır. Bütünütün proseslər qanunvericilik, Mülki Məcəllə və digər hüquqi aktlarla tənzimlənildiyinə görə banklar düşünür ki, kredit qaytarılmadığı təqdirdə problemi məhkəmə yolu ilə həll edəcəklər. İş məhkəməyə çıxanda artıq hakimlər özləri təyin edir ki, şəxs ödəniş qabiliyyətlidir, ya yox. Müvafiq olaraq ödəniş tələbi irəli sürülür və ya borclu rəhmətə gedib, yaxud əlillik qazanıbsa (bu, istisna hallarda olur) məhkəmə xitam qərarı verir. Nəticədə bank öz ehtiyatlarından həmin krediti silə bilir. Amma istənilən halda məhkəmə qərarı varsa, icraçılar məhkəmə hökmünü təmin etməlidirlər”.
Ekspertin sözlərinə görə, hazırda bankların əsas problemi icraçılarla bağlı olan məsələlərdir:
“Məhkəmə işlərinin çoxluğu ucbatından bəzi hallarda icraçılar işi tam icra etmir və sonraya saxlayırlar. Məsələn, sizin kreditiniz var, işdən çıxmısınız, əmək qabiliyyətinizi itirmisiniz və sığortanız yoxdursa, o zaman işiniz növbəlilik əsasında arxa sıralara keçirilir. Sonradan işə düzəldiyiniz və VÖEN açdığınız halda, bu, avtomatik olaraq icraçılarının proqramında əks olunur. Gəlirləriniz formalaşdığı dövrdə həmin işlər üzrə icraat həyata keçirilir. Hətta təqaüd yaşınıza çatdığınızda da avtomatik pensiyadan tutulur. Yəni, belə deyək, ödənilməyən kredit yoxdur. Banklar məhkəməyə müraciət edir və onun xeyrinə qərar verilirsə, proses artıq probasiya və icra şöbəsinin məsuliyyətinə keçir. Onlar ödənişləri təmin etməlidirlər”.
E. Kərimovun fikrincə, həm bankların, həm icra şöbələrinin yüklənməməsi üçün dövlət yeni mexanizm tətbiq edə bilər:
“Məsələn, dövlət aliment fondu kimi bir fond yarada bilər. Bu fonddan ödənişlər həmin banklara köçürülə, məhkəmə işləri dayandırıla və şəxsin, məsələn, pensiya kapitalından, gələcəkdə isə pensiyasından silinmələr icra oluna bilər. Bu, mənim şəxsi subyektiv fikrimdir”
Chosen
1
1
tribunainfo.az

2Sources