EN

"Brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatda nəyi dəyişəcək? - EKSPERT AÇIQLADI

İctimai nəqliyyatda yeni tətbiq olunacaq "brutto müqavilə" modeli sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcəyi, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcəyi Azərbaycan Dövlət Nəqliyyat Agentliyi rəsmisinin etdiyi açıqlamada qeyd edilib.

Bununla sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaqmı?

Dəyişikliklərin əsas hədəfi ictimai nəqliyyatın inkişafıdır. Ötən dövrdə 10 qəpiklik gedişhaqqı artımı baş verib və bu hal sahibkarların qısa müddətdə ölkəyə xaricdən yeni avtobuslar alıb gətirməsinə səbəb olub. Ümid edirik ki, "brutto" müqaviləsindən müəyyən dəstək ortaya çıxacaq və ictimai nəqliyyatda xidmət daha da yaxşılaşdırılacaq.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

"Əsas hədəf də məhz bunlardır. İctimai nəqliyyat hazırda biznes sahəsi kimi özünü doğrultmur, dövlət dəstəyi hansısa formada göstərilməlidir".

Ekpsert əlavə edib ki, yollarda sıxlıq halının qarşısının alınması ictimai nəqliyyatın inkişafıyla birbaşa əlaqəlidir:

"Yanvar ayından tətbiq olunacaq "brutto" müqaviləsi düşünürəm ki, ictimai nəqliyyat sahəsində təkan olacaq".

Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, "brutto" müqavilə ümumilikdə ictimai nəqliyyatda daşıyıcıların dayanıqlı fəaliyyətini təmin edəcək və şəhər daxilində keyfiyyətli nəqliyyat xidmətlərinə yol açacaq.

"Bu günə qədər sərnişin ödənişi üzərində qurulmuş sistem həm dayanıqsız idi, həm də bir çox problemlərlə müşayiət olunurdu - xidmət keyfiyyəti aşağı, qrafiklər pozulur, xüsusilə də axşam saatlarında avtobus tapmaq çətin idi".

Ekspert vurğulayıb ki, "brutto" müqavilədə əsas dəyişiklərdən biri odur ki, daşıyıcılara dövlət tərəfindən hər kilometrə görə subsidiya veriləcək.

"Bu da onların maddi dayanıqlığını artırmaqla yanaşı, xidmət keyfiyyətinə və qrafiklərə daha ciddi yanaşmalarını tələb edəcək. Dəstək əsasən ekoloji baxımdan üstün olan nəqliyyat vasitələrinə - elektriklə və sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara yönələcək",-R.Ağamirzəyev əlavə edib.

R.Ağamirzəyev qeyd edib ki, bu sistem artıq bir çox ölkələrdə uğurla tətbiq olunur. İlk dəfə 1986-cı ildə Londonda tətbiq edilib və bu il artıq 40 il tamam olur:

Hazırda Moskva, Tiflis kimi şəhərlərdə də tətbiq edilir. Tiflisdə bu sistem 2020-ci ildən keçid alıb. Azərbaycanda isə bu, ictimai nəqliyyat üçün tarixi bir dönüş nöqtəsidir.

Nəqliyyat ekdperti vurğulayıb ki, sistem təkcə Bakıda deyil, Sumqayıt, Abşeron, Gəncə və işğaldan azad olunmuş şəhərlərdə - Xankəndi, Ağdam, Şuşa, Laçın və sair ərazilərdə də tətbiq olunacaq. Növbəti illərdə isə ölkə üzrə yayılması planlaşdırılır.

Chosen
11
1
day.az

2Sources