Estoniyanın hava məkanını pozduğu iddia edilən Rusiyanın MiQ-31 təyyarəsi ilə bağlı insidentdən sonra NATO Rusiyaya qəti cavab vəd edib.
NOCOMMENT.az bildirir ki, rəsmi bəyanat alyansın saytında dərc olunub.
“Rusiyanın ehtiyatsız hərəkətlərinə NATO-nun cavabı həlledici olaraq qalacaq. Rusiya əmin olmalıdır ki, NATO və onun müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq, özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn hər hansı təhlükənin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi alətlərdən istifadə edəcəklər”, – mətndə deyilir.
Bəyanatda həmçinin vurğulanır ki, alyans ölkələri Ukraynanı dəstəkləmək üzrə öhdəliklərindən əl çəkmək niyyətində deyillər .
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, sentyabrın 19-da üç MiQ-31 qırıcısı həqiqətən Kareliyadan Kalininqrad vilayətindəki aerodroma planlı uçuş həyata keçirib. Nazirlik uçuşun planlaşdırıldığı kimi getdiyini, təyyarənin öz kursundan yayınmadığını və digər ölkələrin hava məkanını pozmadığını vurğulayıb.