EN

“Adnan Əhmədzadə iqtidara yaxın olmayıb” - Siyavuş Novruzovdan qalmaqallı sözlər

"Hansısa futbolçu ilə dost olmaq, şəkil çəkdirmək... Mən indiyə qədər Adnan Əhmədzadənin iqtidara yaxınlığını görməmişəm".

Bu sözləri TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının "Canlı debat" verilişinə qonaq olan YAP-çı deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, son günlər mətbuat və sosial şəbəkələrdə A.Əhmədzadənin iqtidara yaxın olması ilə bağlı fikirlər tirajlanır və bu, həqiqəti əks etdirmir:

"Mən bu iqtidarda 30 ildən artıqdır ki, çalışıram. Mən onun iqtidara hansısa yaxınlığını indiyə qədər görməmişəm. Ola bilər ki, indi hardasa, nə zamansa çalışıb, işləyib. Ümumilikdə çalışdğı sahə, fəaliyyət istiqamətləri tamam başqa-başqa sahələrdir. Çox vaxt xaricdə olub, Azərbaycanın daxilində də olmayıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin konkret prinsipial bir mövqeyi, yolu var. Azərbaycan dövləti, dövlətçiliyi, xalqının apardığı xətt, mövqe var ortada. Dövlətin siyasəti də ondan ibarətdir ki, bütün yaradılan şərait vətəndaşlar üçün olmalıdır.

Bütün məmurlar da, işçilər də xalqın xidmətində olmalıdır. Qanun qarşısında hamı bərabərdir. Hansı ulduzla dostluğun, hansı futbolçu ilə oturub-durmağın səni heç bir şeydən xilas edə bilməz. Dövlətin qanunu var, bunu pozdunsa, qanun qarşısında da cavab verəcəksən. İndi istintaq gedir, bu barədə də heç bir fikir söyləmək olmaz. Çünki ittihamlar elan edilib. 4 ay həbs qətimkan tədbiri seçilib. İstintaq ortaya çıxaracaq ki, kimdir, kimlərlə əlbir olub, nə kimi cinayətlərdə əli olub, himayəçisi kimdir. Hər kəs də öz cinayətinin cəzasını qanun qarşısında alacaq. Bir daha söyləyirəm: həm partiya, həm Milli Məslic sahəsində mən uzun müddətdir çalışıram. Amma belə bir adamı tanımamışam, heç bilmirəm".

S.Novruzov bildirib ki, sosial şəbəkələrdə A.Əhmədzadənin müxtəlif futblçularla, tanınmışlarla foto və videolarını izləyib.

"Mən bu adamı belə tanımışam" deyən deputat eyni zamanda onun ölkə, vətən üçün hər hansı xeyriyyə işləri görmədiyini də vurğulayıb:

"Hansısa uşaq bağçasında, yetimlər evində, qocalar evində rastıma çıxmayıb. Dünyada belədir: əgər bu işlərlə məşğul olursansa, dində də, Quranda da, beynəlxalq müqavilələrin şərtlərində də göstərir ki, əldə etdiyin gəlirin müəyyən faizi də sosial sahəyə ayrılmalıdır. Məsələn, Şakira bir mahnı oxuyur, sonradan gedib ölkəsində bir məktəb tikdirir. Hər halda, qazandığı pulun hesabına bir uşaq bağçası da tikdirir ki, adına nəsə qalsın. Ona görə də kimlərləsə oturub-durmaq heç kimi qanundan, məsuliyyətdən xilas etmir. Qanun qarşısında hamı bərabərdir. Bu günə qədər həbs olunan 7 icra başçısından 6-sı YAP-ın üzvü idi. Qanunu pozdular, rüşvətxorluq etdilər, bu gün də cəzalarını çəkənlər var. Qeyri-qanuni yollarla topladığı əmlaklar, vəsaitlər də qaytarılır. Dövlətin vəsaitinə heç kim toxuna bilməz".

Poliqon.info

Chosen
14
3
poliqon.info

4Sources