EN

Nvidia-dan OpenAI-yə 100 milyard dollarlıq investisiya

Nvidia-dan OpenAI-yə 100 milyard dollarlıq investisiya

Süni intellekt yarışında öncül olan iki şirkət yeni bir nəhəng əməkdaşlıqla gündəmə gəlib. Çip istehsalçısı Nvidia ChatGPT-nin sahibi OpenAI-yə 100 milyard dollara qədər investisiya yatıracağını açıqlayıb.

Razılaşmaya əsasən OpenAI ChatGPT-nin artan istifadəçi bazasını dəstəkləmək üçün yeni məlumat mərkəzləri quracaq. Avqustda həftəlik 700 milyon qlobal istifadəçiyə çatmış tətbiqi işlətmək üçün 10 gigavattlıq enerji infrastrukturu tələb olunacaq. Bu, təxminən 8 milyon ailənin enerji sərfiyyatına bərabərdir. İnvestisiyanın reallaşma təqvimi hələ ki, müəyyənləşməyib.

Nvidia CEO-su Jensen Huanq CNBC-yə verdiyi açıqlamada OpenAI CEO-su Sam Altman və şirkət prezidenti Qreq Brokmən ilə birlikdə bunun nəhəng bir layihə olduğunu bildirib.

Altman isə investisiyanın OpenAI-nin mövcud süni intellekt potensialını və maliyyə gəlirlərini artırmaq istiqamətində böyük addım olduğunu vurğulayıb: “Üç şeyi çox yaxşı etməliyik: Möhtəşəm süni intellekt tədqiqatları aparmaq, insanların həqiqətən istifadə etmək istədiyi məhsullar yaratmaq və infrastruktur problemini həll etmək”.

Xəbərdən sonra bazarlarda da aktivlik yaşanıb. Nvidia səhm qiymətləri 3%-dən çox artaraq təxminən 200 milyard dollar yüksəliş göstərib. Şirkətin ümumi bazar dəyəri 4,5 trilyon dollara yaxınlaşaraq dünyanın ən dəyərli açıq şirkəti mövqeyini gücləndirib.

S&P 500 indeksi 0,3%, Nasdaq 0,6%, Dow Jones isə 0,1% artıb.

İnvestorların süni intellekt şirkətlərinə marağı davam edərkən, ABŞ Mərkəzi Bankının (Fed) keçən həftə faiz endiriminə getməsi işçi bazarında zəifləmənin göstəricisi kimi qiymətləndirilib. Fed rəhbəri Cerom Pouvel isə bildirib ki, işçi bazarı həqiqətən soyuyur.

Chosen
2
afn.az

1Sources