EN

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Salyan rayonunda tədbir keçirildi - FOTOLAR

“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Salyan rayonunun Arbatan kənd tam orta məktəbində tədbir keçirdi.

QHT.az xəbər verir ki, tədbiri layihə rəhbəri, təşkilatın sədri Elnurə Abuşova açaraq, tədbirin təşkilində dəstək göstərən qurumlara və yerli strukturlara təşəkkürünü bildirmiş, layihənin məqsədi, davamlılığı və əhəmiyyəti barədə çıxış etdi.

E.Abuşova çıxışında qeyd etdi ki, layihənin əsas məqsədi daha çox çətinliklər, zorakılıq, erkən nikah və s. bu kimi riskli hallarla üzləşən rayoların kənd və qəsəbələrində yerləşən təhsil ocaqlarında təhsil alan qızlarla tədbirlərin təşkili, erkən nikahların qarşısının alınması, qızların təhsilə daha çox cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviqidir. Məqsədə nail olmaq üçün müxtəlif sosial qruplar arasında maarifləndirici tədbirlər və media kampaniyası həyata keçirilərək davranış və yanaşmalarda müsbət dəyişikliklərə nail olunması nəzərdə tutulur.

Daha sonra çıxış üçün sözlayihənin hüquqşünas eksperti, Mediasiya Şurasının Salyan 1 saylı Mediasiya Təşkilatının və Salyan rayon Vəkil Bürosunun müdiri, vəkil mediator Hənifəli Elmana verildi. O, çıxışında qızların hüquqları, erkən nikahların hüquqi tərəfləri, mövcud qanunvericilik, məsuliyyət və tövsiyələr barədə ətraflı danışdı. E.Hənifəli qeyd etdi ki, erkən nikah yalnız qızların təhsilini yarımçıq qoymur, həm də onların gələcəkdə sağlamlıq, sosial münasibətlər və ailədaxili münasibətlər baxımından ciddi problemlərlə üzləşməsinə səbəb olur. O, bildirib ki, 2023-cü il ilə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşmüşdür. Bu azalma müsbət haldır, lakin hələ də kifayət qədər yüksək göstəricidir və geniş ictimai dəstəyə, sistemli maarifləndirməyə ehtiyac vardır. Həmçinin, hüquqşunas vurğulamışdır ki, hər bir valideyn, müəllim və icma üzvü qızların təhsil almasına şərait yaratmalı, onları dəstəkləməlidir.

Daha sonra söz layihəyə uşaqların hüquqlarının müdafiəsi sahəsində ekspert və Ümidli Gələcək təşkilatı nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri kimi cəlb edilən Kəmalə Ashumovaya verildi. K.Aşumova çıxışında erkən nikahların sosial-psixoloji nəticələri barədə danışaraq qeyd etmişdir ki, erkən nikaha məruz qalan qızlar çox zaman təhsil imkanlarından məhrum olur, psixoloji travma keçirir və öz potensiallarını reallaşdıra bilmirlər. Bu, yalnız fərdi həyatlarına deyil, bütövlükdə cəmiyyətin inkişafına da mənfi təsir göstərir. Kəmalə xanım əlavə etmişdir ki, erkən nikah qızların uşaq hüquqlarının pozulması deməkdir və bunun qarşısının alınması üçün dövlət qurumları, QHT-lər, media və valideynlər birgə fəaliyyət göstərməlidirlər. O, həmçinin layihə çərçivəsində gənc qızlarla fərdi və qrup görüşlərinin keçirilməsinin onların öz güclərinə inamını artıracağını, maarifləndirmə vasitəsilə isə valideynlərin məsuliyyət hissinin möhkəmlənəcəyini vurğuladı.

Tədbirdə Salyan rayon Arbatan kənd orta məktəbinin8, 9, 10 və 11 sinif şagird-qızları (68 nəfər), valideynlər (11 nəfər), müəllimlər (2 nəfər), psixoloq və məktəb rəhbərliyi, məktəbin direktoru Gülər Babayevanın timsalında aktiv iştirak etdi.

Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə etmişlər. Qaynar xəttin operatorları ilə canlı ünsiyyət yaradılaraq uşaqlara müraciət mexanizmi əyani şəkildə göstərilmişdir. Bununla yanaşı, tədbir zamanı həm uşaqları, həm də valideynləri maraqlandıran suallar səsləndirilmiş, mövzu ətrafında diskussiya aparılmış və bütün suallar ətraflı şəkildə cavablandırılmışdır. Tədbir yüksək fəallıq və maraqla qarşılanaraq uğurla başa çatmışdır.

Xatırladaq ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01 avqust 2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlayıb. Layihənin müddəti 01.08.2025 – 31.10.2025-ci il tarixlərini əhatə edir.

Fotolar

Chosen
24
8
turkustan.az

9Sources