EN

YouTube uşaq blogerlərin videolarını niyə silir?

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yutub platformasında ən çox azyaşlı blogerlərin videolarının və kanallarının bloklandlğını, müxtəlif xəbərdarlıqlar aldığını görürük. Alqoritm hansısa səbəblərdən azyaşlıların yutubdan istifadəsini məhdudlaşdırmağa çalışır.

Bəs görəsən, bu qadağaların təməlində nə dayanır? Yutubdan daha təhlükəsiz necə istifadə etmək olar?

Rəqəmsal Marketing üzrə ekspert Müzəffər Qaraxanlı Lent.az-a bildirib ki, yutubun uşaq məzmununa münasibəti sırf alqoritmik seçim deyil, həm də hüquqi zərurətdir:

“ABŞ-da qüvvədə olan COPPA qanunu (Children’s Online Privacy Protection Act) “YouTube”ni məcbur edir ki, 13 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan kontenti xüsusi şərtlərlə idarə etsin. Bu səbəbdən “Made for Kids” işarəsi qoyulmuş videolara şərhlərin bağlanması, bildirişlərin məhdudlaşdırılması və reklamların fərqli işləməsi təsadüfi deyil,  bu, qanuni öhdəlikdir.

Uşaq blogerlərinin kanallarının tez-tez silinməsinin əsas səbəblərinə baxsaq, bir neçə istiqamət görürük: birincisi, müəllif hüquqları pozuntuları. Videolarda fonda məşhur musiqilər səslənirsə, bu, avtomatik olaraq “copyright strike” yaradır. Üç belə hal kanalı bağlamaq üçün kifayətdir. İkincisi, uşaq təhlükəsizliyi ilə bağlı qaydalar. Məsələn, ASMR, makiyaj və ya hətta gündəlik vloqlarda uşaqların görünməsi bəzən alqoritm tərəfindən riskli sayılır. Bu zaman kontent niyyətcə zərərsiz olsa belə, “YouTube” onu potensial təhlükə kimi qiymətləndirə və kanalı bağlaya bilər.

Platformanın dayanıqlı görünməməsinin səbəbi də budur. “YouTube”nin əsas platforması böyüklər üçün nəzərdə tutulub. Uşaq məzmunu üçün isə ayrıca “YouTube Kids” tətbiqi var. Əsas platformada uşaqyönümlü videolar daim daha sərt nəzarət altında olur və alqoritmlərin səhv qərarları çox yayğındır. Lokal bazarlarda, məsələn, Azərbaycanda bu proses daha da çətinləşir, çünki apellyasiya və dəstək mexanizmləri zəifdir”.

Ekspert “YouTube”də kanalın bloklanmaması üçün bəzi tövsiyələr verib:

“Kanalın təhlükəsiz qalması üçün royalty-free və ya YouTube Audio Library musiqilərindən istifadə etmək, videoları düzgün şəkildə “Made for Kids” olaraq işarələmək, uşaqların məxfiliyinə və təhlükəsizliyinə ciddi əməl etmək, riskli janrlardan  məsələn, azyaşlıların ASMR və ya yetkin mövzulara toxunduğu formatlardan uzaq durmaq lazımdır.

Ən dayanıqlı yol isə məzmunu ya tam “YouTube Kids”ə yönləndirmək, ya da ailə nəzarəti olan, daha geniş auditoriyaya uyğun family-friendly format seçməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
lent.az

1Sources