EN

Şəhriyar Əsgərov: Bu, daha məqsədəuyğun olardı

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sentyabrın 10-dan məşqlərə start vermişik. Komanda demək olar ki, tam komplektləşib".

Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis yeni mövsümə hazırlıqla bağlı danışıb:

"Fiziki və taktiki planda işləyirik. Oktyabrın 2-də ABL-də artıq ilk görüşümüzü keçirəcəyik, rəqib "Sərhədçi"dir. Ona görə bəzi məsələləri tezləşdirmək lazımdır. Oyunçuların fiziki hazırlığı qənaətbəxşdir. Bu gün də yoxlama matçımız var. NTD ilə qarşılaşacağıq. Amma daha bir neçə yoxlama matçı nəzərdə tutulub. Taktiki hazırlıqlar da gedir. Vaxt azdır. Bu vaxt ərzində bəzi məsələləri ümumiləşdirib, komandya tətbiq etmək lazımdır. Pis komanda təsiri bağışlamırıq. Durum haqda nəsə demək tezdir. Sentyabrın sonlarına yaxın komandanın kontorları müəyyən olunacaq".

O, Levan Qoqaladzenin komandada qalması məqsədəuyğun hesab edib:

"Bəzi məcburiyyətdən əmələ gəlir. Komandanın heyətini saxlayıb, bir neçə il ərzində oyunçular birlikdə oynatsaq, o da daha məqsədəuyğun olardı. O zaman oyunçular bir-birini daha yaxşı tanıyardı. Oyun sisteminə də uyğunlaşardılar. Hər il yenidən nəsə tətbiq etmək məcburiyyətində qalmazdıq. Amma reallıq budur. Levan Qoqaladze bizə hər zaman kömək edib. Həm də, fiziki məşqlərdə məsləhətçi kimi onun xidmətindən istifadə edirik. Təcrübəli oyunçudur. Dördüncü mövsümdür ki, bizimlədir. Qoqaladzenin komandada qalması məqsədəuyğundur. Kaş ki, ötən mövsüm heyətdə olanlardan bir neçəsini də komandada saxlamaq imkanımız olardı. Məsələn, Davonte Kraven, Kameron Consu nəzərdə tuturam. Çox yaxşı oyunçular idi. Amma onların da öz planları var, məcbur edə bilməzdik. Hər halda, hazırkı heyətimiz də komplektləşib və bütün oyunçularıma, komandama inanıram".

Baş məşqçi cari mövsüm əsas məqsədlərinin ilk "8-lik"də yer alması olduğunu vurğulayıb:

"Qışda və ya ondan sonra müəyyən oyunçuları komandaya cəlb edə bilərik. Amma indi imkan daxilində komandanı yığmağı bacarmışıq. Əsas məqsədimiz ilk iki dövrəni uğurla başa vurub, B divizionunda yüksək yerlərə çıxmaqdır. Ondan sonra isə niyə də daha uğurlu nəticə üçün çıxış etməyək? Ümumi götürəndə, əsas məqsədimiz ilk "8-lik"də qalmaq və yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Keçən il də pley-offun ilk oyununda çoxlarının bizə inanmamasına baxmayaraq, təsadüf nəticəsində uduzduq. İlk matçı "overtaym"da məğlub olduq. İkinci görüşdə isə mübahisəli qərarlar oldu, oyunun sonluğunda matçı əldən verdik. Hər halda, bizim də iddialarımız var. Allah qoysa, çempionat ərzində hər şey özünü göstərəcək. Oyunçularımızın hazırlığı buna nə dərəcədə imkan verəcək, bunu zaman göstərəcək. Oyunçularıma inanıram. Sözsüz ki, biz də uğurlu nəticələr üçün oynayacağıq".

O, ev oyunlarında yerli azarkeşlərdən dəstək gözlədiyini də bildirib:

"Qubada basketbolu inkişaf etdirmək istəyirik. Uşaq basketbolu ilə bağlı bir qədər həvəs olsa, orada da müəyyən işlər görmək olar. Hər halda, yaxşı komandamız var və inanırıq ki, dəstək də olacaq. Azarkeş də böyük dəstəkdir. Qubalı basketbol və idman həvəskarlarına, idman ictimaiyyətindən xahiş edirəm ki, bizi ən azından ev oyunlarımızda dəstəkləsinlər. Biz də Qubamızın adını yüksəklərə qaldıraq. Onların oyunlarda bizə dəstək olmasından çox şey asılıdır. Qubalı valideynlərdən də xahiş edirəm ki, uşaqlarını basketbol məşqlərinə yazdırsınlar, oyunlara da gətirsinlər. Gözəl Şimal rayonumuzun fiziki cəhətdən çox sağlam əhalisi var. Uşaqlar da basketbola maraq göstərir. Təbii ki, əksər uşaqların basketbolla məşğul olması da gözəl olardı. Ümid edirəm ki, biz də qələbələrimizlə onları sevindirəcək. Ümidli və pozitivik. Yeni mövsümə ən yaxşı şəkildə hazırlaşırıq ki, Quba azarkeşlərini sevindirək".

ABŞ-li basketbolçu "Sərhədçi"də

“Sumqayıt”dan yeni transfer

"Neftçi" Rumıniyadan Vətənə qayıdıb

“Lənkəran”dan yeni transfer

“Sumqayıt”da növbəti ayrılıq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
apasport.az

4Sources