EN

Nazir: Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsini davamlı olaraq dəstəkləyir  

Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsini davamlı olaraq dəstəkləyir və bu istiqamətdə əməli tədbirlər həyata keçirir. Bu mənada ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrə xüsusi əhəmiyyət verir.

AZƏRTAC xəbər verir ki, bunu İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Nazir deyib ki, Azərbaycanın ərazi bütövlüyünə dair təşkilatın yekdil və birmənalı mövqeyi, Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı nəticəsində suverenliyimizin təmin olunması ilə bağlı haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması, eləcə də sülh gündəliyinin dəstəklənməsi üzv dövlətlər arasında əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycan İƏT-in ən fəal üzvlərindən biri olaraq, müxtəlif təşəbbüslər irəli sürüb və son illər ərzində təşkilatın bir sıra mötəbər tədbirlərinə ev sahibliyi edib: "Təsadüfi deyil ki, İƏT-in İslam Zirvə Konfransının növbəti 16-cı sessiyanın gələn il iyunun 23-24-də Azərbaycanda keçirilməsi qərara alınıb. 2013-cü il aprelin 25-də Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransının iştirakçılarını qəbul etdiyi görüşdə təşkilatın Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. 2023-cü ilin noyabr ayında üzv dövlətlərin əmək nazirlərinin beşinci Konfransı çərçivəsində təşkilatın Əmək Mərkəzinin rəsmi açılışı həyata keçirilub və mərkəz 2024-cü ilin əvvəlindən fəaliyyətə başlayıb. İƏT-in rəhbərliyinə, Baş Katibliyə, üzv dövlətlərə və tərəfdaşlara göstərdikləri davamlı dəstək və əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Bu iclasın Əmək Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və yaxınlaşan Baş Assambleya sessiyasına hazırlıq baxımından böyük əhəmiyyəti var", - deyə Anar Əliyev qeyd edib.

Chosen
12
2
azerbaijan-news.az

3Sources