EN

Fələstin arzudan reallığa çevrilir - Hərbi ekspert

Böyük dövlətlər İsraili çəkindirəcək addımlar ata bilər

Üzeyir Cəfərov: “İsrailin addımları təkcə Türkiyəni deyil, digər ölkələri də hiddətləndirib”

Böyük Britaniya, Kanada, Avstraliya Fələstin dövlətini rəsmən tanıdı. Böyük Britaniyanın xarici işlər naziri İvette Kupe deyib ki, Londonun Fələstin dövlətini tanıması həm İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Onun sözlərinə görə, ölkəsinin Fələstin dövlətini tanımasına cavab olaraq İsrailin Qərb sahilinin bir hissəsini ilhaq etməsi yolverilməzdir və bu barədə Təl-Əvivə xəbərdarlıq edilib: 

"Bu, sülhü, ədaləti və ən əsası Yaxın Şərqdə təhlükəsizliyi qorumaq üçündür. Biz bölgədəki bütün tərəflərlə bu istiqamətdə işləməyə davam edəcəyik. Ən asan yol sadəcə geri çəkilib “bu çox çətindir” demək olardı, lakin bu qədər dağıntı və əzab gördükdən sonra bunun doğru olmadığını düşünürük. Biz İsrail dövlətini tanıdığımız kimi, fələstinlilərin də öz dövlətlərinə sahib olmaq hüququnu tanımalıyıq". HƏMAS hərəkatı da məlumat yayıb ki, Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən Fələstinin tanınması mühüm addımdır. Lakin bu, bu dövlətlərin hakimiyyət orqanlarının əməli hərəkətləri ilə müşayiət olunmalıdır: "Fələstinin müstəqilliyinin tanınması mühüm addımdır, lakin bundan sonra Qəzzada müharibənin dərhal dayandırılması və İordan çayının qərb sahilinin ilhaqının qarşısının alınması üçün əməli tədbirlər görülməlidir". İsrailin baş verənlərə reaksiyası sərt olub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib ki, İngiltərə və Kanadanın Fələstin dövlətini tanınması təcili əks-tədbirlər tələb edir. İsrailin Baş naziri Benyamin Netanyahu da deyib ki, İsrail BMT daxil olmaqla, bütün məkanlarda Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq: "Biz həm BMT-də, həm də bütün digər yerlərdə bizə qarşı yönəlmiş böhtan xarakterli təbliğata və varlığımızı təhdid edəcək, terrorun absurd mükafatına çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq". Ekspertlərə görə, nüfuzlu dövlətlərin Fələstini tanıması İsrail Baş naziri Benyamin Netanyahunun xarici siyasətinin fiaskosudur. Nəticədə ona qarşı daxildə güclü təzyiqlər başlayacaq. Həmçinin, Böyük Britaniya, Fransa Fələstin dövlətini tanıyırsa, növbəti mərhələdə siyasi və maliyyə yardımları olacaq. Netanyahunun Fələstinə qarşı hərbi əməliyyatları İsrail dövlətinin təcridinə və yəhudi xalqına qarşı antisemitizmin formalaşmasına gətirib çıxarır. İsrail üçün çətin siyasi proseslər başlayır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Sherg.az-a deyib ki, bu gərginlik BMT Baş Assambleyasının 80-ci sessiyası ərəfəsində baş verir. Ekspert qeyd edib ki, əksər ölkənin birinci şəxsləri, o cümlədən qardaş Türkiyənin prezidenti və İran rəhbəri artıq Vaşinqtondadır:

"Gözlər yüksək səviyyəli debatlara yönəlib. Fələstin dövlətinin tanınması məsələsi də BMT-nin sessiyasında gündəmə gələcək. Sentyabrın 25-də Tramp-Ərdoğan görüşü çox gərgin və mürəkkəb atmosferdə keçəcək. Məsələ ondadır ki, İsrailin addımları birbaşa ABŞ ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Netanyahu məsuliyyəti öz üzərinə götürsə də, ABŞ-ni məlumatlandırdıqlarını açıqladılar. Fələstin dövlətinin nüfuzlu ölkələr tərəfindən tanınması mühümdür. Mahmud Abbas Böyük Britaniyaya, Kanada və Avstriyaya öz təşəkkürünü bildirib. Ehtimal ki, bu, presedent olacaq və tanınma prosesinin davamı gələcək. Fransa da Fələstini tanımağa hazırlaşır. Netanyahu "boş şeydir" desə də, əslində, elə deyil. Fələstini tanıyan ölkələr arasında dünya siyasətinin aparıcı aktorlarından olan Böyük Britaniya da var. London hər zaman atdığı addımları "yüz ölçür, bir biçir". Həm də ABŞ prezidenti ötən həftə Londonda səfərdə olub. Netanyahu daxili auditoriyanı, öz tərəfdaşlarını rahatlatmağa, Fələstini tanımaq istəyən ölkələri çəkindirməyə çalışır. Amma proses artıq start götürüb. Fələstinin tanınması ilə bağlı aylar öncə verilən bəyanatlar indi rəsmən elan olunur. Fələstinlə bağlı arzudan reallığa keçid baş verir. Yaxın günlərdə digər böyük dövlətlər də Fələstini tanıyacaqlar. Əsas odur ki, ilk addım atıldı. Tanınma isə o deməkdir ki, böyük dövlətlər İsraili çəkindirəcək addımlar ata bilərlər. İsrail dünyanın aparıcı dövlətlərinin mövqeləri ilə hesablaşmağa məcbur qalacaq. Bugünədək İsrail öz addımlarını əsasən ABŞ və digər azsaylı müttəfiqləri ilə razılaşdıraraq həyata keçirirdi. Ancaq dünya siyasətində fərqli proseslər gedir. İsrail baş naziri öz hərəkətləri ilə təkcə Türkiyəni deyil, bundan narahatlıq keçirən başqa ölkələri də hiddətləndirib. İsrail hesablaşmağa məcburdur".
Chosen
14
1
sherg.az

2Sources