"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl Top" mükafatının sahibi bəlli olub.
“Qızıl Top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə Offsideplus.az saytına açıqlamasında seçimlər haqqında fikirlərini bölüşüb:
“Lionel Messinin ardıcıl “Qızıl Top”u qazanmasına görə yaranan narazılıqlar fonunda mükafatın təsisçisi “France Football” eksperiment apararaq qaydalarda dəyişiklik edib. İndi sorğuya FIFA reytinqində ilk 100-lükdə yer alan ölkələrin jurnalistləri qatılır. Bu səbəbdən Azərbaycan 2025-ci ilin “Qızıl Top”u üçünsəsvermədə iştirak etməyib.
Nəticələrə gəlincə, Usman Dembelenin ötən mövsüm üçün dünyanın ən yaxşı futbolçusu seçiləcəyi, əslində, gözlənilən idi. Son aylarda bir çox qeyri-rəsmi reytinqlərdə “Qızıl top”a əsas namizədlər kimi onun və Lamin Yamalın adları çəkilirdi. Dembelenin “Pari Sen-Jermen” ilə UEFA Çempionlar Liqasının qalibi olması və UEFA tərəfindən “turnirin ən yaxşı oyunçusu”adına layiq görülməsi, həmçinin mövsüm ərzində bütün turnirlərdə ümumilikdə 35 qol vurması seçimdə həlledici rol oynayıb. O, eyni zamanda, “Pari Sen-Jermen” ilə Liqa 1-in qalibi, ən yaxşı oyunçusu və 21 qolla şərikli bombardiri olub, Fransa kuboku və superkubokunu qazanıb, yeni mövsüm ərəfəsində UEFA Superkubokuna da sahib çıxıb.
Mütəxəssis “Qızıl Top”u qazanan altıncı fransalı futbolçu olan Dembelenin DÇ-2026 seçmə mərhələsindəki rəqibimiz Fransa millisinin də üzvü olduğunu xatırladıb: “Bu komandanın heyətində 2018-ci ildə dünya çempionu olub (4 matçda oynayıb). Klub karyerasının əvvəlində“Renn” və Dortmund “Borussiya”sında çıxış edib, sonra altı mövsüm “Barselona”nın şərəfini qoruyub, lakin orada ümidləri doğrultmayıb və ən yaxşı halda 2018/19 mövsümündə ümumilikdə14 qol vurub. 2023-cü ildən isə "Paris Sen-Jermen"in formasını geyinir.
28 yaşlı Dembelenin əsas rəqibi Yamal isə “Qızıl Top”un ən gənc qalibi olmaq şansını hələlik əldən verib. İkinci yeri tutan 18 yaşlı “Barselona”lı sorğuda ilk üçlüyə daxil olan ən gənc futbolçu kimi tarixə düşüb. Yamal qarşıdakı üç il ərzində nüfuzlu mükafatı qazanmaqla bu rekorda yiyələnə bilər. Hələ ki, “Qızıl Top”un ən gənc qalibi 1997-ci ildə - 21 yaşında bunu bacaran braziliyalı Ronaldodur”.