EN

Ərdoğan ABŞ-dən söz verdikləri qırıcıları tələb edəcək - ŞƏRH

Türkiyə yenidən F-35 proqramına qayıtmaq niyyətini ortaya qoyacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasına qatılmaq və müxtəlif görüşlər keçirmək məqsədilə ABŞ-də səfərdədir. Türkiyə lideri Nyu-Yorkdakı Türk Evinə gedib və yerli vətəndaşların böyük marağı və sevgisi ilə qarşılanıb. Ərdoğan bildirib ki, qarşıdakı günlərdə Donald Trampla görüşəcək:

 "Bizim üçün Yaxın Şərqdə atılan hər bir addım həyati əhəmiyyət daşıyır, bu görüşlərimiz olduqca vacibdir". Ərdoğanın səfər qrafikinin zəngin olduğu deyilir. Ərdoğan ilk növbədə BMT tribunasından çıxış edəcək. Sonra BMT-də keçiriləcək Fələstin konfransına qatılacaq. Əlavə olaraq bir sammitdə də iştirak edəcək və çoxsaylı görüşlər keçirəcək. Türkiyə lideri Nyu-York proqramını başa vurduqdan sonra Vaşinqtona gedərək 25 sentyabrda Donald Tramp ilə Ağ Evdə görüşəcək. Liderlərin görüşündə hərbi və ticarət məsələləri, eləcə də qlobal mövzular müzakirə olunacaq. Tramp görüş öncəsi açıqlamasında iki ölkə arasında bir sıra strateji əməkdaşlıqlara diqqət çəkib: "Hazırda "Boeing" təyyarələrinin böyük həcmdə alınması, mühüm F-16 razılaşması və nəticəsini müsbət gözlədiyimiz F-35 danışıqlarının davamı daxil olmaqla bir çox ticarət və hərbi anlaşmalar üzərində işləyirik". ABŞ prezidenti həmçinin Ərdoğanla münasibətlərinin hər zaman yaxşı olduğunu vurğulayaraq, "25-də onu görmək üçün səbirsizliklə gözləyirəm" ifadəsini işlədib. 

Politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Tramp-Ərdoğan görüşündə müzakirə olunacaq mühüm məsələlərin başında İsrail-HƏMAS müharibəsi, Qəzza problemi müzakirə olunacaq. Ekspert vurğulayıb ki, İsrailin son vaxtlarda bir çox "qırmızı xətti" keçməsi ABŞ-ni də narahat etməkdədir: 

"İsrailin başıpozuq hərəkətləri ABŞ-nin Yaxın Şərq siyasətini təhlükəyə atır. ABŞ ilə Qətər arasında milyard dollarlıq müqavilələr imzalanıb. Lakin İsrailin Qətərə hava hücumundan sonra bu ölkə ABŞ-yə inamsızlıq nümayiş etdirir. Məhz həmin hücumdan sonra Qətər Vaşinqtonla müqaviləni dondurduğunu açıqladı. Səudiyyə Ərəbistanı ötən günlərdə Pakistanla qarşılıqlı müdafiə haqqında saziş imzaladı. Yəni bu o deməkdir ki, Səudiyyəyə hücum eyni zamanda Pakistana hücum sayılacaq. Görünür, Ər-Riyad da Vaşinqtonun himayəsinə tam inana, bel bağlaya bilmir. Çünki faktiki olaraq Səudiyyə Ərəbistanı İsraillə yaxınlaşmalı idi. Amma bunun qarşılığında ABŞ-nin verdiyi sözlər vardı. Məsələn, F-35-lərin Səudiyyəyə verilməsi və təhlükəsizlik qarantiyası müzakirə olunurdu. Ancaq ABŞ son günlərdə baş verənlər fonunda müəyyən mövqe itkisinə məruz qaldı".

T.Rzayevin fikrincə, İsrailin aqressiyası Türkiyəni məcbur edir ki, bölgədə daha praktik siyasət yeritsin: 

"Türkiyə ilə Misir arasında gərginlik var idi. Lakin bugünlərdə Misir və Türkiyə Aralıq dənizində birgə dəniz tədqiqatları keçirəcək. Həmçinin, 200 gəmidən ibarət "Qlobal Sumud Flotilliyası" adlanan beynəlxalq yardım donanması 14 gün ərzində Qəzza sahillərinə çatmalıdır. ABŞ yaranan təhlükənin fərqindədir. İsrailin aqressiv siyasəti bölgə ölkələrini - Türkiyəni, Misiri, Qətəri, BƏƏ, Səudiyyə Ərəbistanını Təl-Əvivə qarşı birləşdirəcək. Bu həm də dolayı yolla ABŞ-nin bölgədəki maraqlarına qarşı birlik demək olacaq. Ona görə də ABŞ çalışır ki, bu məsələdə müttəfiqi Türkiyənin ən azından neytrallığını təmin etsin. Ən əsası isə ABŞ istəyir ki, regional siyasətində yaranmış təhlükələrdə Türkiyə onun yanında dayansın. Yəni Tramp Ərdoğandan İsrail və Yaxın Şərq məsələsində ABŞ-nin siyasətinə uyğun siyasət yürütməsini xahiş edəcək. Əlbəttə, Türkiyənin də bunun qarşılığında tələbləri olacaq. Böyük ehtimal, Türkiyə yenidən F-35 proqramına qayıtmaq niyyətini ortaya qoyacaq və ABŞ-nin söz verdiyi qırıcıları tələb edəcək".

Chosen
17
50
sherg.az

10Sources