EN

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub

Qazax, 22 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Müəllimlər Seminariyasında və yeni fəaliyyətə başlamış İncəsənət Mərkəzində Azərbaycan professional musiqisi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Üzeyir Hacıbəylinin zəngin irsinin qorunması, gənc nəslə tanıdılması və milli musiqi mədəniyyətinin regionlarda təbliği məqsədini daşıyan yubiley tədbiri ADA Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Gün ərzində sərgi nümayiş edilib, rəsmi və elmi çıxışlar dinlənilib, həmçinin konsert proqramı təqdim olunub.

ADA Universiteti tərəfindən bərpa edilən tarixi İsrafil ağa hamamı bundan sonra Qazax Müəllimlər Seminariyasının İncəsənət Mərkəzi kimi fəaliyyət göstərəcək. Buradakı ilk sərgi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr edilib.

Tədbirin rəsmi hissəsində ADA Universitetinin rektoru Hafiz Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və universitetin prorektoru Vəfa Kazdal çıxış ediblər.

Rektor Hafiz Paşayev çıxışında gənc nəslin milli kimliyini, mənsubiyyətini və ölkə tarixini öyrənməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu dəyərlərin dərindən mənimsənilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Dəyərlərlə bərpa olunan məkan və təhsil” mövzusunda çıxış edən Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd isə təhsildə dəyərlərin önəmini qeyd edib və xalqımızın görkəmli maarifçilərinin irsinin yaşadılmasının əhəmiyyətindən danışıb.

Proqram çərçivəsində Azərbaycanın tanınmış musiqişünas, tarixçi və incəsənət xadimlərinin iştirakı ilə “Üzeyir Hacıbəyli fenomeni: XXI əsrdən baxış” mövzusunda panel müzakirəsi keçirilib. Musiqişünas və Beynəlxalq Musiqi Şurasının rəhbəri Nigar Axundovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev, tarix elmləri doktoru, professor Solmaz Tohidi, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev, Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova məruzələrlə çıxış ediblər.

Daha sonra “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının 2024–2025-ci tədris ili məzunlarına diplomlar təqdim olunub.

Yubiley tədbiri Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestrinin təqdim etdiyi konsertlə başa çatıb.

 

Chosen
3
4
azertag.az

5Sources