EN

ABŞ İranın Çabahar limanına etdiyi güzəşti uzadacaq? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"ABŞ-ın İranın Çabahar limanı ilə bağlı verdiyi növbəti qərar Taliban hökumətinin Bəhram hərbi bazasını yenidən Vaşinqtona qaytarmaqdan imtina etməsilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ-ın İranın Çabahar limanını bu ölkəyə tətbiq edilən sanksiyalar rejimindən kənarda saxlamaq barədə əvvəlki qərarını ləğv etmək niyyətini şərh edərkən deyib. 

Əlimusa İbrahimovun sözlərinə görə, ABŞ Əfqanıstandakı Bəhram hərbi bazasını yenidən geri almaq istəyir. Bu barədə Vaşinqton tərəfindən Taliban hökumətinə məlumat verilib:

"Sözügedən baza 20 ildən çox müddətə ABŞ-ın Əfqanıstandakı dayaq məntəqəsi idi. Vaşinqton orada ciddi infrastruktur qurmuşdu".

Politoloq qeyd edir ki, Tramp həmin bazadan istifadə etməklə Əfqanıstan ətrafındakı ölkələrə təsir etməyə çalışır:

"Amma görünən odur ki, Taliban hökuməti ABŞ-ın təklifinə isti münasibət bəsləmir. KİV-də hətta Kabulun bazanı ABŞ-a verməyəcəyi barədə məlumatlar yayılıb. Məhz ABŞ-la Əfqanıstan arasında razılığın olmaması səbəbindən proses Vaşinqtonun Çabahar limanını bağlaması ilə nəticələnə bilər. Məlum olduğu kimi İrana məxsus bu liman Hindistanın Əfqanıstanda gedən proseslərə nəzarət etməsi və bu ölkədə yenidənqurma prosesinə rəhbərlik etməsi məqsədilə ABŞ-ın sanksiyalarından kənar qalmışdı. Çabaharla bağlı gözlənilən qərar da Ağ Evin Taliban rejiminə təzyiq etmək məqsədi daşıyır. Əfqanıstan Bəhram hərbi bazası ilə bağlı Trampın istəyinə müsbət cavab vermədiyindən o da bu kimi yollarla Kabula sanksiyalar tətbiq etmək istəyir".

Ekspertə görə, bu qərar həmçinin Yeni Dehliyə qarşı da təzyiq vasitəsidir:

"Bildiyiniz kimi, Hindistanın Rusiya neftinin almaqdan imtina etməməsi səbəbindən onunla Vaşinqton arasındakı münasibətlər gərginləşib. Deməli, sözügedən addımla ABŞ həm Hindistanı, həm də Əfqanıstanı cəzalandırmaq istəyir".

Qeyd edək ki, ABŞ İranın Çabahar limanını bu ölkəyə tətbiq edilən sanksiyalar rejimindən kənarda saxlamaq barədə əvvəlki qərarını ləğv etmək qərarına gəlib. İranın strateji obyekti olan Çabahar limanına Hindistan Əfqanıstan və Mərkəzi Asiya ölkələrilə əlaqə yaratmaq üçün əsas ticarət məntəqəsi kimi baxırdı. 

Xatırladaq ki, İrana qarşı sanksiyalar fonunda tətbiq edilən və 2018-ci ildən fəaliyyətdə olan bu istisna Hindistana Əfqanıstanın bərpasına dəstək olmaq məqsədilə edilib. Onun müddəti isə sentyabrın 29-da bitir və belə görünür Tramp həmin müddəti artırmaq niyyətində deyil.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
qaynarinfo.az

1Sources