EN

Sosial şəbəkələr: Virtual aləmin acı reallıqları

“Zamanla sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxaraq insanların dəyər və özünütanıma meyarına çevrildi. Bir foto, bir paylaşım və onun altına gələn “like”lar… Görünüşdə bu  çox sadə görünür, amma əslində bunların arxasında insan psixikasını dəyişən böyük bir mexanizm dayanır. Biz sosial şəbəkələrdə özümüzü fərqli təqdim edirik, göstəririk. Orada yaratdığımız obraz bəzən real “mən”imizdən tamamilə fərqli olur”.

Bunu "Cebheinfo.az"-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yaratdığımız bu obraz “Virtual mən” adlanır:

“Psixologiyada deyilir ki, insan hər zaman qəbul edilmək və bəyənilmək istəyir. Sosial şəbəkələr bu ehtiyacı ən sürətli şəkildə təmin edir. Bir paylaşım, bir foto, bir şərh dərhal qarşılığında bəyənilər, rəy və diqqət. Bu, beyində dopamin ifrazını artırır və insanda müvəqqəti xoşbəxtlik yaradır. Nəticədə insan həmin duyğunu təkrar yaşamaq üçün yenidən paylaşır, yenidən baxır, yenidən gözləyir. Bu isə asılılığın başlanğıcıdır”.

Onun sözlərinə görə, sosial şəbəkə asılılığı həm real, həm də virtual həyat arasında uçurum yaradır:

“Ən çox müşahidə olunan hal “real həyatdan uzaqlaşma”dır. İnsan öz gündəlik həyatını maraqsız, darıxdırıcı hesab edir, amma virtual aləmdə özünü daha “cazibədar” və “uğurlu” hiss edir.  Bu, real mənlə, virtual mən arasında uçurum yaradır. Digər təsiri isə “müqayisə tələsi”dir. İnsan başqalarının həyatı ilə özünü müqayisə edir. Başqalarının xoşbəxt görünən paylaşımları öz həyatını kiçik, dəyərsiz göstərir. Bu, özünə inamın zəifləməsinə, depressiv əlamətlərə və hətta sosial təcridə səbəb ola bilir”.

O bildirib ki, insanlar virtual aləmdə özlərinin yalnız “ən yaxşı versiyası”nı göstərməyə çalışırlar:

“Niyə “Virtual mən” daha cəlbedicidir? Çünki virtual aləmdə hər şey bizim nəzarətimizdədir. Biz şəkillərimizi seçirik, sözlərimizi dəyişirik, özümüzə uyğun maska taxırıq. Reallıqda isə hər şeyin üstünü örtmək mümkün deyil. Buna görə də “Virtual mən” çox vaxt ideal, amma saxta görünür. İnsan özünün “ən yaxşı versiyası”nı göstərmək istədikcə, real həyatdakı mənlik dəyəri kölgədə qalır.

Çıxış yolu kimi sosial şəbəkədən imtina etmək mümkün deyil, amma sağlam sərhədlər çəkmək olar. Məsələn, onlayn vaxtı məhdudlaşdırmaq, sosial şəbəkəni informasiya və ünsiyyət vasitəsi kimi istifadə etmək, özünü başqaları ilə müqayisə etməmək. Ən əsası isə real həyatda münasibətlərə, fəaliyyətlərə, hobbilərə, insanlarla üz-üzə təmasa daha çox yer ayırmaqdır. Çünki real “mən”imizi gücləndirdikcə, virtual mənin kölgəsi bizi idarə edə bilmir”.

Chosen
2
1
cebheinfo.az

2Sources