EN

Dünya liderləri Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasına toplaşır  

Antonio Quterreş: "Biz ümidli olmalı və hədəflərimizə çatana qədər təslim olmamalıyıq"

Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası işə başlayır. Bu, BMT-yə üzv olan bütün dövlətlərin liderlərinin öz prioritetlərini təqdim etdikləri və əsas qlobal məsələləri müzakirə etdikləri ən böyük beynəlxalq diplomatik tədbirlərdən biridir.

Sentyabrın 23-dən 29-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 80 illik yubileyinə həsr olunmuş 80-ci sessiyası "Birgə işləmək: Sülh, İnkişaf, İnsan Haqları naminə 80 il birlikdə çalışmaq və irəliyə doğru yol" mövzusunda keçiriləcək.

Sessiyanı BMT-nin Baş katibi Antonio Quterreş açacaq. Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok 80-ci sessiyaya sədrlik edəcək.

BMT Baş Assambleyasına 150-yə yaxın dövlət və hökumət başçısının, eləcə də çoxlu sayda nazirlərin, vitse-prezidentlərin, diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin qatılacağı gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sessiyada iştirak etmək üçün sentyabrın 21-də Nyu Yorka gəlib. Onun BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı sentyabrın 23-ü Bakı vaxtı ilə saat 19:00-a təyin edilib. Bu, Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında 15-ci çıxışı olacaq. Türkiyə liderinin çıxışında Yaxın Şərqdə yaranmış acınacaqlı vəziyyətə diqqət çəkəcəyi gözlənilir. 

Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışı ərəfəsində Fələstin dövlətini tanıdıqlarını elan ediblər.

BU arada ABŞ Dövlət Departamenti Fələstin Prezidenti Mahmud Abbas və onu müşayiət edən rəsmilərə Baş Assambleyada iştirak etmək üçün viza verməkdən imtina edib. Bununla bağlı Fələstin lideri videobağlantı vasitəsilə qarşıdakı sessiyada çıxış edəcək.

İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 26-da BMT Baş Assambleyasında çıxışı planlaşdırılıb.

Əhməd əl-Şara 1967-ci ildən bəri Assambleyada çıxış edən ilk Suriya Prezidenti olacaq. Onun BMT Baş Assambleyasının tribunasından çıxışı sentyabrın 24-nə təyin olunub.

Ukraynadakı müharibə ilə yanaşı, digər ciddi münaqişələr və böhranlar, o cümlədən Sudan, Livan, Yəmən və Haitidəki vəziyyət BMT Baş Assambleyasının və ikitərəfli görüşlərin əsas mövzuları olacaq.

Xatırladaq ki, 51 təsisçi üzvdən ibarət olan Birləşmiş Millətlər Təşkilatının ilk Baş Assambleyası 1946-cı ildə keçirilib.

Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. Bunlara təhlükəsizliyin təmin edilməsi üçün intensiv hüquq-mühafizə səyləri və təşkilati tədbirlər daxildir.

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi ərəfəsində Baş katib dünya liderlərinə müraciət edərək xəbərdarlıq edib ki, müharibə, iqlim dəyişikliyi, bərabərsizlik və texnoloji riskləri nəzərdə tutan “qlobal böhran” təcili və əlaqələndirilmiş tədbirlər tələb edir.

Qlobal Kommunikasiyalar Departamentinin direktoru Melissa Fleminqin moderatorluğu ilə BMT-nin Xəbərlər Xidmətinə müsahibə verən Antonio Quterreş deyib: “Biz qlobal böhranla üzləşirik: münaqişələr çoxalır,  geosiyasi fikir ayrılıqları isə onların effektiv həllinə mane olur”.

BMT rəhbərinin bildirdiyinə görə, "cəzasızlıq hissi var - hər bir ölkə istədiyini edə biləcəyini düşünür. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr böyük problemlərlə üzləşirlər. Bir çoxları borc içində boğulur, iqtisadi bərpa üçün lazım olan güzəştli maliyyələşdirməyə çıxış edə bilmir. Bərabərsizlik artır."

Baş katib vurğulayıb ki, BMT geniş spektrdə beynəlxalq əməkdaşlığı səfərbər etməyə çalışır: "İqlim dəyişikliyi nəzarətsizdir. Qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi əsas məqsədə (2015-ci il Paris Sazişi ilə müəyyən edilmiş hədd) nail olmaq üçün xeyli sınaqlardan keçəcəyimizi göstərən çoxsaylı siqnallar alırıq."

Baş katib xəbərdarlıq edib ki, inkişaf etməkdə olan texnologiyalar əhəmiyyətli potensiala malik olsa da, onlar cəmiyyətdə qütbləşməni gücləndirə və nifrəti alovlandıra bilər ki, bu da “insan iradəsini qoruyan və texnologiyanı yaxşılıq üçün gücə çevirən” tənzimləmə tələb edir.

Antonio Quterreş qeyd edib ki, Baş Assambleyanın qarşıdan gələn sessiyası ölkələrə tullantıların azaldılması, beynəlxalq maliyyə sistemində islahatların aparılması və çoxtərəfliliyin gücləndirilməsi daxil olmaqla, əsas sahələrdə öhdəliklər götürməsinə səbəb olmalıdır.

BMT-nin rəhbəri dünya liderlərini "dönüş yaratmağa" və daha böyük ədalət və bərabərlik üçün qlobal maliyyə arxitekturasında islahatları dəstəkləməyə çağırıb.

Baş Assambleyanın sessiyasında sülh və təhlükəsizlik məsələləri də müzakirələrin mərkəzində olacaq. Baş katib İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün iki dövlət prinsipi əsasında həll yoluna, eləcə də Qəzzadakı humanitar böhranın həlli üçün təcili tədbirlər görülməsinə aydın beynəlxalq dəstəyə ümid etdiyini bildirib.

"Qəzzada qırğınlara son qoyulmalıdır", - o vurğulayıb. “Bizə dərhal atəşkəs və bütün girovların dərhal azad edilməsi lazımdır”.

Müsahibə zamanı António Guterres, həmçinin Sudan və digər "unudulmuş münaqişələri" vurğulayaraq, Təhlükəsizlik Şurasını gələcək əzabların qarşısını almaq üçün vahid mövqe tutmağa çağırıb.

Quterreş əmin edib ki, onun iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyi sarsılmaz olaraq qalır.

"Hər bir dövlət emissiyaların kəskin azaldılmasını ehtiva edən yeni iqlim planı təqdim etməlidir." "Bu, bütün dünyadakı insanlar üçün böyük nisbətdə fəlakətə səbəb olacaq dönməzlik vəziyyətindən qaçmaq üçün vacibdir" deyən Baş katib, kiçik ada dövlətləri və Afrika da daxil olmaqla, ən həssas ölkələrin qeyri-mütənasib risklərlə üzləşdiyini qeyd etdi.

"Mən nə optimist, nə də pessimistəm. Mən  qərarlıyam. Biz ümidli olmalı və hədəflərimizə çatana qədər təslim olmamalıyıq, - deyə Antonio Guterres müsahibəni yekunlaşdırıb. 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Chosen
39
9
azerbaijan-news.az

10Sources