EN

“Bu görüş Putinin ad günündə baş verə bilər” Bakı Moskva münasibətlərində nə gözlənilir?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Pekində Azərbaycan və Rusiya liderlərinin qısa görüşündən sonra iki ölkə arasındakı böhranlı münasibətlərdə müvəqqəti fasilə müşahidə olunur”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib. O qeyd edib ki, hazırda tərəflərdən heç biri kəskin addımlar atmır, hər iki tərəf qarşılıqlı gözləntilərini açıqlayıb və cavab gözləyir.

F. Məmmədov vurğulayıb ki, ideal ssenariyə görə, tərəflər prioritetləri müəyyənləşdirəcək və böhranın həlli üçün yol xəritəsi hazırlamaq məqsədilə danışıqlar aparmalıdır. Onun sözlərinə görə, baş nazirlərin rəhbərlik etdiyi komissiyaların çoxsaatlıq görüşləri gərginliyin nəticələrini qeydə alıb və qarşılıqlı gözləntiləri ifadə edib.

Politoloq əlavə edib ki, böhranın gedişatını oktyabr ayının əvvəlində iqtisadi göstəricilər əsasında izləmək mümkün olacaq. Yarımillik nəticələr göstərir ki, iqtisadi əməkdaşlıq ötən illə müqayisədə 16% artıb. Lakin bu artım yalnız Prezident Putinin Bakı səfərinin yaratdığı inersiyanın nəticəsidir.

Fərhad Məmmədov xatırladıb ki, böhran ötən ilin dekabrında Rusiya Silahlı Qüvvələrinin Azərbaycan vətəndaş təyyarəsini vurması ilə başlayıb.

O, Rusiya mediasiyanın böhranın dərinləşməsində mühüm rol oynadığını da qeyd edib. Bildirib ki, son həftələrdə Azərbaycan mediasında Rusiya mövzusunun səviyyəsi azalıb, provokativ məzmun yaradılmır. Rusiya rəsmi mediasında da anti-Azərbaycan ritorikası zəifləyib və açıq hədələr müşahidə olunmur. Lakin adları çəkilməyən bəzi YouTube kanallarında hələ də provokativ videolar yayımlanır.

Politoloq vurğulayıb ki, bu kanallar primitiv üsullarla fəaliyyət göstərir: süni intellektlə generasiya olunmuş şəkillər, sadəlövh mətnlər, səsli oxunuş və montaj vasitəsilə videolar hazırlanır. Məqsəd Azərbaycanı “yalnız qalıb”, “səhv edib” və “dünya ilə əlaqələrdə böhran yaşayır” kimi təqdim etməkdir. O əlavə edib ki, Azərbaycanın Prezident Putindən üzr tələb etməsi bu kanallarda qeyd olunmur.

F. Məmmədov proqnozlaşdırıb ki, növbəti böhran dalğası dekabr ayında yayımı planlaşdırılan yekun hesabatla bağlı gözlənilir. Bu hesabatdan sonra beynəlxalq məhkəmələrə müraciət imkanı yarana bilər. Politoloq bildirib ki, Moskva hələlik vəziyyəti idarə etmək və böhranın əsas səbəbini həll etmək üçün vaxt qazanıb.

Fərhad Məmmədov həmçinin qeyd edib ki, liderlərin növbəti təması 7 oktyabrda – Prezident Putinin ad günündə baş verə bilər və bu il həmin görüşün hansı atmosferdə keçəcəyi maraq doğurur.

Rasim

"AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

1Sources