EN

Haşimoto xəstəliyinin əlamətləri və risk faktorları nələrdir?

Haşimoto tiroiditi son illərdə dünya ilə yanaşı, Azərbaycanda da artan autoimmun xəstəliklərdən biridir. Qalxanabənzər vəzin funksiyasını pozan bu xəstəlik əsasən qadınlarda rast gəlinir və ilkin mərhələdə simptomlar nəzərə çarpmadığı üçün diaqnoz gec qoyula bilər.

Bəs bu xəstəlik nədir və necə yaranır?

Mövzu ilə bağlı Operativ Media-ya Doktor Endokrinoloq İnci Şabanlı danışıb.

O, bildirib ki, haşimato tiroiditi immun sisteminin səhvən öz tiroid vəzi hüceyrələrinə hücum etdiyi autoimmun xəstəlikdir. Zamanla vəzidə xroniki iltihab yaranır və tiroid hormonları azalmağa başlayır. Nəticədə hipotireoz inkişaf edə bilər. 

Eyni zamanda, haşimato bədənin öz tiroidinə qarşı gizli müharibəsi deməkdir. Pasiyentlər xəstəliyin əlamətlərini  çox vaxt yorğunluq və stresslə qarışdırırlar. Xəstəliyin əsas göstəriciləri yorğunluq, halsızlıq, soyuqluq hissi, çəki artımı, saç tökülməsi, dırnaq kövrəkləşməsi, konsentrasiya çətinliyi, boyunda diskomfort hissinin yaranmasıdır.

Onun sözlərinə görə, bu xəstəlik immun sistemində tiroidə qarşı Anti-TPO və Anti-Tg antikorları yaradır. Bu antikorlar tiroid toxumasına hücum edir və qalxanabənzər vəzi zədələyir. Nəticədə hormon istehsalı zəifləyir. Normalda immun sistemimiz bizi mikroblardan qoruyur. Amma haşimato xəstəliyində immun hüceyrələr tiroidini yad düşmən kimi qəbul edir.

Həkimin sözlərinə görə, bu xəstəlik ən çox qadınlarda (xüsusilə 30–50 yaş arası) rast gəlinir. Bundan başqa ailəsində tiroid və ya digər autoimmun xəstəlik olanlarda, yod balansı pozulmuş ərazilərdə yaşayanlarda, uzunmüddətli stress və hormonal dəyişikliklər yaşayanlarda baş verir.

Həkimin sözlərinə görə, haşimato qorxulu deyil doğru diaqnoz və müntəzəm müalicə ilə tam nəzarətdə saxlana bilər.

Chosen
27
operativmedia.az

1Sources