EN

100 km-lik “səhv”: II Dünya Müharibəsində Türkiyə niyə bombalandı?

İnsanlıq tarixinin ən böyük fəlakəti sayılan II Dünya Müharibəsi təxminən 85 milyon insanın ölümünə səbəb olub. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 30-dan çox ölkədən 100 milyondan artıq hərbçinin birbaşa iştirak etdiyi bu müharibəyə Avropada Türkiyə də daxil olmaqla 6 ölkə qoşulmayıb. Lakin 1942-ci ildə 15 martı 16 martla birləşdirən gecə yarısı Türkiyənin Muğla bölgəsinin Milas rayonuna iri bombardman təyyarələri hücum etdi. Bəs niyə?

Türkiyə kimi neytral bir ölkənin bombalanması hamını təəccübləndirdi. Hücumdan sonra nə hərbi çıxarma oldu, nə də başqa bir hücum. 25 ev ziyan gördü.  Rəsmi mənbələrə görə 1 nəfər öldü, 1 nəfər yaralandı. Bir çox tarlalar məhv oldu, bölgə sakinləri uzun müddət gecələr yeni hücum qorxusu ilə yaşadı. Şahidlər hücumdan əvvəl Alman bayraqlı təyyarələrin alçaqdan uçduğunu bildirdilər. Tarlalarda hələ partlamamış alman bombaları və boş mərmilər tapıldı. Hökumət araşdırmaların davam etdiyini açıqladı, prezident İsmet İnönü isə Türkiyənin müharibədə tərəfsiz qalacağını təkrar bəyan etdi.

Araşdırmalar nəticəsində məlum oldu ki, Milas bombardmanında istifadə olunan bombalar alman ordusundan Britaniya ordusuna keçmiş sursatlar idi və təyyarələr də Britaniya ordusu tərəfindən alman təyyarələrinə bənzədilmişdi. Almaniya araşdırmada Türkiyəyə ciddi dəstək verdi, çünki müharibədə Türkiyənin özünə qarşı döyüşməsini istəmirdi. Hücumdan 4 gün sonra Britaniyanın Türkiyədəki səfiri açıqlama verərək “14 mart axşamı Rodosu bombalamaq üçün havaya qalxan 3 Britaniya təyyarəsi pis hava şəraiti səbəbindən "səhvən"’ Milası bombaladı. Zərərin ödənilməsinə hazırıq” deyib. Bəs bu həqiqətən də bir “qəza” idimi?

Bir çoxlarına görə “Rodosu vuracaqdıq, hava şəraiti səbəbindən Milası vuraq” bəhanəsi inandırıcı deyildi. Çünki Rodosla Milas arasında 100 kilometrdən artıq məsafə var idi. Bundan başqa, alman sursatları və alman kimi göstərilən təyyarələr şübhələri artırırdı. Hücumda ölən şəxsin sursat anbarının keşikçisi olması və bombalanan yerlərdən birinin mühüm sursat anbarı olması da şübhələri gücləndirirdi.
İddialara görə, II Dünya Müharibəsində neytral mövqe tutan Türkiyə Almaniyaya başda xrom olmaqla bir çox xammal ixrac edirdi. Bu vəziyyətdən narahat olan və Türkiyəni öz tərəfinə çəkmək istəyən Britaniya Milas bombardmanını həyata keçirdi.

Milas əhalisi hava hücumundan çox təsirləndi. Hadisədən sonra uzun müddət gecələr işıqları söndürərək qaranlıq rejimi tətbiq etdi. Xoşbəxtlikdən yeni bir hücum olmadı. Britaniya hücumda ziyan görən 25 bina və tarlalar üçün 20 min 600 TL, həyatını itirən üçün isə 1500 funt sterlinq ödədi. Hadisədən sonra Ula və Milasda Britaniyanın Rodos adasına daha yaxın olmaq üçün 2 hərbi hava limanı tikildi. Ortaya atılan iddialardan biri də Britaniyanın Milas bombardmanından əvvəl Ankara ilə bu mövzuda danışdığı, mənfi cavab alanda isə gözqorxutma məqsədilə bombardmanı etdiyi, sonda isə istədiyinə nail olduğu idi.
Chosen
2
1
sherg.az

2Sources