EN

Naxçıvanda İlber Ortaylının kitablarının “imza günü” keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində Türk dünyasının tanınmış tarixçisi, böyük elm xadimi İlber Ortaylının kitablarının “imza günü” keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə ali təhsil ocağının rəhbər heyəti, müəllim və tələbələri, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, tanınmış elm adamı İlber Ortaylının səfəri ali təhsil ocağı üçün olduqca xüsusi önəm daşıyır. Bu görüş tələbə və müəllimlərin intellektual dünyagörüşünü zənginləşdirir, gənclərin elmə, araşdırmaya və yaradıcı düşüncəyə marağını daha da artırır. Professor İlber Ortaylı sosial, tarixə dair çıxışlarında hər zaman toplumu məlumatlandırıb. Yazdığı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub. Alimin kitabları oxunma səviyyəsinə görə geniş oxucu auditoriyası qazanıb.

Sonra universitetin fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev və tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev yazıçı İlber Ortaylının yaradıcılıq yolu və əsərləri haqqında danışıblar.

İlber Ortaylı çıxışında onun haqqında yüksək fikirdə olan tarixçi alimlərə təşəkkür edərək Naxçıvan Dövlət Universiteti barədə xoş təəssüratlarını dilə gətirib. Qeyd edib ki, muxtar respublika uzun illərdir blokadada yaşamasına baxmayaraq, burada elm və təhsil yüksək səviyyədə inkişaf edib. Burada çox gözəl gələcəyi olan savadlı gənclər yetişir. Tarixboyu belə mühitlərdə yaşayan insanlar daha fədakar olur və oxumağa daha çox maraq göstəriblər. "Çox şadam ki, Naxçıvanda elmli insanlar daha çoxdur. Xüsusilə qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Ali təhsil ocağında yaradılan imkanlar məni çox fərəhləndirdi", - deyə professor əlavə edib.

Qonağa yağlı boya ilə çəkilmiş portreti hədiyyə olunub.

Professor media nümayəndələrinin ona ünvanladığı sualları cavablandırıb.

Tədbir yazıçı İlber Ortaylının oxucuları ilə görüşərək kitablarını imzalaması ilə başa çatıb.

Qeyd edək ki, tanınmış tarixçinin Naxçıvan proqramı davam edir. Günün sonunda İlber Ortaylı Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında yerli ictimaiyyətlə görüşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
azertag.az

5Sources