EN

5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR – Şikayət

Bakı şəhər sakini Dadaşov Rahim Rahib oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 5 il əvvəl evini aldığı şəxs onu aldadaraq, yenidən 10 min manat pul tələb edir:

“Mən, Dadaşov Rahim Rahib oğlu, yazaraq bildirirəm ki, dələduzluqla üzləşmişəm. İş əvvəl polisdə olub, indi isə məhkəmədədir.

Qeyd edim ki, 2020-ci il mart ayının 6-da Əsədov Sahib Xalıqverdi oğluna məxsus Abşeron Gənclər Şəhərciyi, 68-ci blok, mənzil 1-i 5 min manat ilkin ödəniş verməklə, satın almışam. Evin qalan 25 min manatını isə hissə-hissə ödəməyə razılaşmışdıq. Yəni evi mənə 30 min manata satmışdı.

Bildirim ki, ev problemli idi. 30 min manatı ödəyib qurtardıqdan sonra sənədi adıma keçirdəcəkdi. Buna dair şahidlərim də var.

Bir müddət sonra əməliyyat olundum. Bu vaxt Əsədov Sahib Xalıqverdi oğluna “Whatsapp” vasitsəilə səs atdım ki, 28 min 600 manat pulu bugünə kimi ödəmişəm, 1 min 400 manat borcum qalıb. Pul evdədi, zəhmət olmasa get mənzili yoldaşımın adına keçir, qalan pulu da götür. Lakin o, cavab vermədi. Sonra Abşeron rayon polisi protokol çıxardı, ona da əməl etmədi. İddia edir ki, ya əlavə 10 min manat ver, ya da evin əşyalarını qaytar.

Evi əşyalı almışam. Cəmi 30 min manata danışmışıq. Niyə əlavə 10 min manat verim? Yalandan deyir ki, evdə olan əşyalar çox bahalı olub. Əşyaların hamısını rayondan gətizdirdim, qəbul etmədi.

Sonradan başa düşdüm ki, 1 otaqlı evlərin qiymətində artım olduğu üçün bu adam qiyməti qaldırmaq qərarına gəlib. Söz danışıqdan keçər. O, evi mənə 30 min manata satmışdı, 5 ildir həmin evdə yaşayırıq. Qeyd etdiyim kimi, ev problemli idi, borular partlayıb, hələ də döşəmə su olur.

Özüm fəhlə işləyirəm. Çox şükür, heç kəsə ehtiyacım yoxdur. Amma bu hala düşmək heç də mənə xoş deyil. Hətta mənə söz vermişdi ki, soyuducu, kombi və kondisioner də alıb evə qoyacam. O, vədinə əməl etmədi, “heç nə olmaz” dedim.

Mən əziyyətlə pul qazanıb ailəmi dolandırıram. Mənim artıq pulum yoxdur ki, ona əlavə 10 min manat verim. Mən haqqımı tələb edirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Chosen
1
1
hurriyyet.az

2Sources