EN

Çində “Raqasa” tayfunu ilə əlaqədar xəbərdarlıq elan olunub, iki şəhərdə məktəblər bağlanıb VİDEO

Pekin, 22 sentyabr, AZƏRTAC

İlin 18-ci tayfunu olan “Raqasa”nın Çinin cənub sahillərinə güclü külək və yağıntı gətirmək ehtimalı nəzərə alınaraq, Quandon əyalətinin Cuhay və Cianmen şəhərlərində orta məktəblərdə dərslər sentyabrın 23-dən qeyri-müəyyən müddətə dayandırılıb.

AZƏRTAC Quandon əyaləti hökumətinin məlumatına istinadla xəbər verir ki, məktəblərlə yanaşı iş, istehsal, ictimai nəqliyyatın və bərələrin hərəkəti də dayandırılacaq. Bundan başqa, Quandon əyalətində sürətli və adi qatarların fəaliyyətinə ara veriləcək. Quanco şəhərindəki “Bayyun” beynəlxalq hava limanında uçuşların ləğv edilməsi məsələsi gündəmdədir.

Qeyd edək ki, sürəti saatda 25 metrə çatan “Raqasa” cari ildə Sakit okeanda ən güclü qasırğa hesab olunur. Tayfunun sentyabrın 23-də səhər saatlarında Cənubi Çin dənizinə, növbəti gün isə Çinin cənub və şərq sahillərinə çatacağı, özü ilə birlikdə güclü külək və yağıntı gətirəcəyi gözlənilir. Super tayfun kateqoriyasından olan “Raqasa”nın Çinin Quandon, Haynan, Quansi, Fucien əyalətlərində və Tayvan adasında təsirli olacağı güman edilir. Yağıntının miqdarının 280 millimetrə, küləyin sürətinin saniyədə 20 metrə çatacağı proqnozlaşdırılır.

Çinin Meteorologiya Administrasiyası tayfunla əlaqədar 2-ci səviyyədə xəbərdarlıq elan edib. Tayfunun mümkün fəsadlarına qarşı hazırlıq işləri başlanılıb. Daha yüksək riskli ərazilərdən əhalinin təxliyəsi tövsiyə olunub, dəniz turizm məkanlarının fəaliyyəti dayandırılıb. Quandon əyaləti üzrə 10 min gəmi təhlükəsiz yerlərə təxliyə edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
15
4
azertag.az

5Sources