EN

Ukrayna müharibəsinin Cənubi Qafqaza təsirləri: Azərbaycan hansı yolda irəliləyir?

Ukraynada müharibə yalnız Avropanın təhlükəsizlik arxitekturasını dəyişmədi, həm də postsovet məkanında yeni geosiyasi reallıqlar yaratdı. NATO ilə Rusiya arasında artan qarşıdurma enerji bazarlarından iqtisadi əlaqələrə, diplomatik proseslərdən regional münaqişələrin həllinə qədər bütün sahələrə təsir göstərir. Bu gərginlik Cənubi Qafqazda davam edən Azərbaycan–Ermənistan sülh prosesinə də dolayı təsirlər buraxır. Çünki qlobal güclərin qarşıdurması region dövlətlərinin manevr imkanlarını daraldır, eyni zamanda, öz milli gücünə arxalanan ölkələrin rolunu ön plana çıxarır. Politoloq Tofiq Abbasov da hesab edir ki, Ukrayna böhranı ilə Cənubi Qafqazdakı gərginliklər arasında dolayısı bağlılıqlar mövcuddur və bu, Azərbaycanın xarici siyasət kursuna təsirsiz ötüşmür.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, dünyada baş verən münaqişələr arasında müəyyən oxşarlıqlar və bağlılıqlar mövcuddur:

“Əgər proseslərə uzaqdan nəzər salsaq, görərik ki, onlar arasında əlaqələr və oxşarlıqlar çoxdur, bəzi elementlər hətta bir-birini təkrarlayır. Amma dərin analiz göstərir ki, hər bir qarşıdurma fərqli zəmin üzərində meydana gəlir və həll yolları da eyni olmur. Məsələn, uzun illər ərzində Azərbaycan–Ermənistan münaqişəsi barədə “hərbi həlli yoxdur” tezisi səsləndirilirdi. Böyük dövlətlər və imperiya ideyası daşıyan qüvvələr bu yanaşmanı gücləndirirdilər. Lakin son nəticədə Azərbaycan özünəməxsus tərzdə münaqişənin həllini tapdı. Çünki beynəlxalq hüquq və təsisatların fəaliyyətsiz qaldığı, ikili standartların hökm sürdüyü şəraitdə ölkələr yalnız öz güclərinə arxalanaraq istəklərinə nail ola bilərlər”.

Politoloq Ukrayna–Rusiya qarşıdurması barədə də fikir bildirib:

“Burada söhbət bütövlükdə postsovet məkanında baş verən böhrandan gedir. Bu böhranın məsuliyyətini yalnız Rusiyanın üzərinə qoymaq düzgün olmaz. Onun yaranmasına Qərb də böyük rol oynayıb. Çünki məqsəd iki dövləti toqquşdurmaq idi və buna nail oldular. BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında da açıq göründü ki, dünya nizamı dərin böhran yaşayır. Əgər beynəlxalq qanunlar işləmir, prinsiplər tapdanırsa, bu, böyük bir hərc-mərcliyin konturlarını ortaya qoyur”.

Onun sözlərinə görə, Ukrayna böhranı Cənubi Qafqaz regionuna da birbaşa təsir edir:

“Birincisi, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Digər tərəfdən, Rusiya ilə münasibətlərimizə bəzən Kremlin özü kölgə salır. Azərbaycan humanitar yardımlarla Ukraynaya dəstək göstərib. Eyni zamanda, oradakı müharibə Azərbaycanın enerji obyektlərinə də zərbə vurur ki, bu, ölkəmizə ciddi mənfi təsir göstərir. Halbuki biznesin müharibə ilə əlaqəsi olmamalıdır. Buna görə Azərbaycan bu halları qınayır. Müharibə nə qədər tez bitsə, bu, Azərbaycan üçün də bir o qədər faydalı olacaq. Ölkəmiz isə hər zaman öz neytrallığını qorumağa çalışır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
28
editor.az

1Sources