EN

Nazir müavini xarici investisiyaların cəlb olunması üçün əsas tələbləri AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensialı olan sektoru inkişaf etdirməliyik".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı illərdə iqtisadiyyatın əsas problemləri fərqli olub:
"İlk illərdə makroiqtisadi sabitlik yox idi. Sabitliyi təmin etdikdən sonra əsas problemimiz neft və qaz sektorunun dominantlığı oldu. İqtisadiyyatımız, əsasən, bu sahəyə söykənirdi. Hazırda da ÜDM-də və ixracımızda neft və qazın payı kifayət qədər böyükdür.
Bununla yanaşı, son altı ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb. Bu səbəbdən əsas məqsədimiz iqtisadiyyatın diversifikasiyasıdır. Bu prosesə illər əvvəl başlamışıq və müəyyən uğurlar əldə etmişik, lakin hələ də işlər davam edir. İqtisadiyyatı şaxələndirmək üçün ixrac potensialı olan sektorların inkişafına xüsusi diqqət ayırmalıyıq. Burada istehsalat sektorunun rolu daha böyükdür. Qeyri-neft sənayesini inkişaf etdirmək üçün sənaye zonaları yaratmışıq. Hazırda 170-dən çox müəssisə qeydiyyatdan keçib, 4 milyard dollardan artıq investisiya qoyulub və 10 mindən çox iş yeri yaradılıb.
Eyni zamanda, xarici investisiyaların cəlb olunması da vacibdir".
Nazir müavini vurğulayıb ki, bunun üçün əlverişli investisiya mühiti, sabit makroiqtisadi şərait, rəqabətli vergi sistemi və sadələşdirilmiş gömrük prosedurları təmin edilməlidir:
"Bu gün səhər bir Memorandum və dövlət-özəl tərəfdaşlıq sazişi imzalamışıq. Bütün bunlar qeyri-neft sektorunun inkişafı və xarici birbaşa investisiyaların cəlbinə yönəlib".
Onun sözlərinə görə, regional əlaqəlilik və inteqrasiya da mühüm əhəmiyyət kəsb edir:
"Bu kontekstdə geosiyasi amillər, davamlılıq və texnologiya məsələləri böyük rol oynayır. Azərbaycan quru ölkədir və buna görə də müvafiq infrastruktur layihələrinə ciddi investisiyalar yatırırıq.
Davamlılıq baxımından isə ilk növbədə iqtisadiyyatın diversifikasiyası önəmlidir. Bununla yanaşı, iqtisadiyyatın mürəkkəbliyini artırmaq, daha rəqabətli və kompleks məhsullar istehsal etmək vacibdir. Əvvəllər qeyri-neft ixracında əsas pay kənd təsərrüfatı məhsullarına düşürdüsə, hazırda emal olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üstünlük təşkil edir. Rəqabətli sənaye yaratmaq üçün innovasiya və texnologiyanın rolu həlledicidir".
"Beləliklə, biz quru ölkə olaraq nəqliyyat dəhlizlərinə investisiya yatırırıq, iqtisadiyyatımızı diversifikasiya edirik, onun mürəkkəbliyini artırırıq və daha rəqabətli məhsullar istehsal edirik. Bütün bunlar isə yalnız texnologiya və investisiyaların cəlb olunması ilə mümkündür", - deyə Səməd Bəşirli əlavə edib.
Məhərrəm Əliyev
Chosen
2
oxu.az

1Sources