EN

Ermənistanın yeni siyasi kursu: Paşinyan hökumətinin Qərbə meyillənməsi və regional risklər - ÖZƏL

"Ermənistanın hazırkı siyasi kursu Nikol Paşinyan hökumətinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra formalaşmış yeni narrativ üzərində qurulmağa başladı. Bu siyasi addımlarda əvvəlki hökumətlərin Rusiyaya yaxınlıq siyasəti, regional qarşıdurmalara gətirən seçimləri və Ermənistanın təhlükəsizlik strukturlarının zəifliyi ön plana çəkilir və xalq arasında təbliğat gücləndirilir. Nikol Paşinyan və hökumət rəsmiləri bu məğlubiyyəti yalnız obyektiv amillərlə əlaqələndirərək, hökumətinin məsuliyyətini minimuma endirməyə çalışır, həmçinin məğlubiyyətlərini əvvəlki idarəçilərin və Rusiyanın üzərinə yıxmağa səy göstərirlər". 
Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:  
" Nikol Paşinyan düşünür ki, Ermənistan vaxtilə Rusiyaya meyilli yol seçib. Bu da onu qonşuları ilə daim münaqişədə saxlayan regional qarşıdurma vəziyyətinə salıb. O və dövlətin digər rəsmiləri də, həmçinin İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hüquqi-normativ aktları, o cümlədən İstiqlal Bəyannaməsi ilə bağlı məsələləri açıq şəkildə təkrarlayırlar. "Dördüncü Respublika" təşəbbüsü və yeni konstitusiya planları isə həm dövlət idarəçiliyində dəyişiklik, həm də 2026-cı il seçkilərinə hazırlıq məqsədi daşıyır. 
Bütün bunlar isə Nikol Paşinyanın və hökumətinin yeni konstitusiya qəbul etməyə zəmin hazırladığını və erməni cəmiyyətini və siyasi dairələrini buna hazırladığını deməyə əsas verir.  Ermənistanın Qərbə meyillənməsi fonunda isə regional təhlükəsizlik vəziyyəti mürəkkəbdir. Belə ki, Nikol Paşinyanın KTMT-dən uzaqlaşmaq, Rusiya hərbi bazalarını çıxarmaq və Moskva ilə bağlanmış müqavilələri ləğv etmək planları Ermənistanın ənənəvi təhlükəsizlik təminatlarını zəiflədə bilər. Bu, sərhəd gərginliyi, potensial təcavüz riskləri və diplomatik boşluq yarada bilər. Qərb aktorları, Türkiyə və Azərbaycan bu boşluğu qismən doldurmaq imkanına malik olsa da, qısa müddətdə hərbi və iqtisadi təminatların yetərli səviyyəyə çatması çətin görünür. Nikol Paşinyanın bu kursu həm daxili siyasətdə, həm də regionda yeni risklər və gərginliklər doğurur. Bu baxımdan da Ermənistan real təhlükəsizlik strategiyası, iqtisadi dayanıqlıq və cəmiyyətin dəstəyi üzərində işləməsə, seçkilərə qədər və ondan sonrakı dövrdə daxili narazılıq, regional sabitliyin pozulması və xarici aktorların Ermənistanın siyasətinə təsir imkanları artacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources