EN

Özbəkistan və AEBA arasında razılaşma əldə edildi

BAKI, 22 sentyabr. TELEQRAF

Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin (AEBA) rəsmi saytında Özbəkistanın nüvə və radiasiya təhlükəsizliyi sahəsində çoxtərəfli beynəlxalq müqavilələrə qoşulması ilə bağlı sənədlərin qurumun baş direktor Rafael Qrossiyə təqdim edilməsi mərasimi ilə bağlı məqalə dərc olunub.

Teleqraf xəbər verir ki, məqalədə Özbəkistanın üç əsas müqaviləyə - “Nüvə qəzası haqqında erkən məlumatlandırma haqqında”, “Nüvə qəzası və ya radioloji fövqəladə hallar zamanı yardım haqqında” və “Nüvə təhlükəsizliyi haqqında” konvensiyalara qoşulduğu bildirilib.

Tədbirdə Özbəkistanı Nazirlər Kabineti yanında Sənaye, Radiasiya və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri Abduvakkas Rafikov təmsil edib.

Rafael Qrossi mərasimdə deyib ki, 2024-cü ilin dekabrında Özbəkistana səfəri zamanı konvensiyalara qoşulma məsələsini Prezident Şavkat Mirziyoyevlə müzakirə edib. Qrossinin sözlərinə görə, hazırkı qərar AEBA-nın təklifinə operativ reaksiya verən dövlət başçısının diqqət və dəstəyinin nəticəsidir.

Baş direktor qeyd edib ki, Özbəkistan enerji sahəsində fəal qərarlar qəbul etmək qabiliyyətini sürətlə nümayiş etdirib, o cümlədən iri atom elektrik stansiyası və kiçik modul reaktorların tikintisi layihələrini, öz iddialı enerji planlarını uğurla həyata keçirir.

Məqalədə həmçinin Özbəkistandan başqa, Qırğızıstan və Banqladeşin də üzvlük üçün sənədlər təqdim etdiyi bildirilir.

Chosen
23
2
teleqraf.com

3Sources