EN

Azərbaycan yunan-Roma güləşi beşinci dəfə dünyanın ən güclü üçlüyündə - TƏHLİL

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edib.

İdman.biz xəbər verir ki, millimiz yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda 89 xal topladı və beşinci dəfə ardıcıl olaraq dünyanın üç ən güclü komandası sırasına düşdü.

Nəticədə yığmamız ikinci yeri tutdu. Birinci pilləyə 180 xalla İran, üçüncü yerə isə 79 xalla Özbəkistan layiq görüldü.

Qızıl medala Ülvi Qənizadə (72 kq) sahib çıxdı. O, ardıcıl ikinci dəfə dünya çempionu olaraq Azərbaycan güləş tarixində iki dəfə mundialı qazanan yeddinci pəhləvan kimi tarixə düşdü. Finalda Qənizadə fransalı İbrahim Qanemi məğlub etdi.

Gümüş medalı Həsrət Cəfərov (67 kq) qazandı. Üçqat Avropa çempionu, Olimpiya bürünc mükafatçısı həlledici görüşdə iranlı Səid İsmailiyə uduzaraq ikinci oldu.

Bürünc medallara isə Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiev (97 kq) sahib oldular. Əzizli yeddinci dəfə dünya çempionatının mükafatçısı olaraq Azərbaycan güləşi tarixində rekord müəyyənləşdirdi (4 qızıl, 3 bürünc). Əhmədiev isə debütündə dördəfəli Olimpiya medalçısı Artur Aleksanyanı məğlub edərək karyerasının ilk mundial medalını qazandı.

Bir sıra güləşçilərimiz müxtəlif səbəblərdən, xüsusilə də zədələrə görə medal mübarizəsindən kənarda qaldılar. Ötən ilin dünya çempionu Nihad Məmmədli (60 kq) zədə səbəbindən təsəlliverici görüşə çıxa bilmədi. Murad Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və digərləri isə mübarizəni erkən dayandırdılar.

Yığmanın baş məşqçisi Aleksandr Tarakanov bildirib ki, nəticələr daha yaxşı ola bilərdi:

“Zədələr güləşdə həmişə olur, amma bu dəfə çox ciddi problemlərlə üzləşdik. Buna baxmayaraq, komandada gənc ehtiyatımız var və gələcəkdə onları hazırlayıb güclü nəticələrə çatdıracağıq”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vuraraq növbəti Olimpiya dövrünə ümidverici addımla başladılar.

Zəki Feyzullayev

İdman.biz

Chosen
9
1
idman.biz

2Sources