EN

Bakıda məşhur gecə klubunun fəaliyyəti dayandırıldı – FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən “By Elnur Music Hall” gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb. 

Editor.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən klubda yoxlamalar keçirilib.

Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

– obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb;

– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

– obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtüklə üzlənilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən “By Elnur Music Hall” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Chosen
20
29
editor.az

10Sources