EN

İran və Azərbaycan yeni enerji layihələri hazırlayır - Səfir Muctaba Dəmirçilu

İran Azərbaycanla illik ticarət dövriyyəsini iki istiqamətdə artırmağı hədəfləyir və iki ölkə arasında ticarət əlaqələri inkişaf etməkdədir.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibədə İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Onun sözlərinə görə, birincisi, dövlət səviyyəsində İran və Azərbaycan arasında Birgə İqtisadi Komissiyasının iclaslarının keçirilməsidir. Bu iclaslar vasitəsi ilə logistik planlar kimi ticarəti sadələşdirən layihələr çərçivəsində addımların atılması böyük əhəmiyyət kəsb edir. İki ölkə arasında Dövlətlərarası Birgə İqtisadi Komissiyanın son iclası Tehranda təşkil olunub və bu format çərçivəsində əlaqələri və ticarətin artımına nail olmaq mümkündür.

İran səfiri əlavə edib ki, ikinci istiqamət iki ölkənin iş adamlarının qarşılıqlı olaraq bir-birlərinin potensialı və imkanları ilə tanış olmasıdır. Bu da ticarət dövriyyəsinin artmasına öz töhfəsini verə bilər.

"Bu çərçivədə iş adamlarının qarşılıqlı səfərlərinin artması, keçidlərin sadələşdirilməsi, iki ölkə arasında uçuşların artması kimi önəmli addımları qeyd etmək mümkündür", - deyə o qeyd edib.

Dəmirçilu bildirib ki, 2024-cü ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsi 2023-cü ilə nisbətdə 34% artaraq 647 milyon dollara yüksəlib. Lakin təbii ki, bu səviyyədə ticarət dövriyyəsi gözləntilərə uyğun deyil. İran maliyyə və bank sahəsində maneələrin aradan qaldırılması, tranzit və yükdaşımanın sadələşdirilməsi və iş adamları arasında əlaqələrin artırılması ilə iqtisadi münasibətləri inkişaf etdirməyə çalışır.

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib

Səfir bildirib ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başa çatdırılacağı gözlənilir.

Dəmirçilu əlavə edib ki, layihələrdən Xəzər dənizində neft rezervuarında əməkdaşlıq anlaşmasının icrası, İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsinin sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu, Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeyd etmək olar.

"Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafında böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşı münasibətləri var", - deyə o qeyd edib.

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorunda çox yaxşı səviyyədə investisiya yatırıb. Eyni zamanda Türkmənistan qazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu iki ölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir.

"İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsi üçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həmin hidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək", - deyə o qeyd edib.

İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrə detallar üzərində işləyir

Dəmirçilu bildirib ki, hazırda İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması istiqamətində detallar üzərində işlənməkdədir. Üç ölkədə rəhbərlik səviyyəsində elektrik mübadiləsinə razılıq var.

Səfir deyib ki, İranın "Monenko" şirkəti bu elektrik mübadiləsi ilə əlaqədar tədqiqat işlərini başa çatdırıb və öz hesabatlarını hazırlayaraq tərəflərə təqdim edib. Bu hesabatlar əsasında elektrik şəbəkələrinin sinxronlaşdırılması imkanı var.

"Elektrik şəbəkələrinin sinxronlaşdırılması üç ölkənin elektrik şəbəkəsinin təhlükəsizliyini artıra və 3-cü tərəfə elektrik ixracını imkanını yarada bilər", - deyə o qeyd edib.

Dəmirçilu əlavə edib ki, may ayında İranın Energetika Nazirliyinin yüksək səviyyəli heyəti bununla əlaqədar Bakıya səfər edib. Səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq yolları və xüsusilə İran, Azərbaycan və Rusiya arasında elektrik şəbəkəsinin sinxronlaşdırılması haqqında danışıqlar aparıb.

Araz çayı üzərində körpünün inşa işlərinin tezliklə başa çatacağı gözlənilir

Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayı üzərində Ağbənd-Kəlalə bölgəsində tikilməkdə olan körpünün inşa işlərinin ilin sonuna qədər başa çatdırılması qərara alınıb. Hazırda bu körpünün tikintisində inşa işləri təxminən 63% başa çatdırılıb.

Dəmirçilu əlavə edib ki, körpüdən sonra İran ərazisində Culfa istiqamətində magistral yolun genişləndirilməsi üzrə işlər həyata keçirilir. Kəlalədən Culfa istiqamətində magistral yolun genişləndirilməsi üçün bir neçə tunel qazılmalıdır.

"Bu magistral yol İranın öz vəsaiti hesabına inşa olunur. Beləliklə Azərbaycan vətəndaşları daha asan və daha etibarlı şəkildə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında səfər edə biləcəklər", - deyə o qeyd edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycanın mənafeyi istiqamətində fəaliyyət göstərəcək

Səfir deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam şəkildə istifadəyə verildiyi halda, həm İran, həm Azərbaycan, həm də regionun digər ölkələrinin mənafeyi istiqamətində fəaliyyət göstərəcək. Məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizin qərb marşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinə birləşdirir.

Dəmirçilu bildirib ki, hazırda Rusiyanın iştirakı ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi istiqamətində işlər aparılır.

İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavə İran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradan qaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.

"Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə etmək üçün infrastrukturlar diqqət mərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları da inkişaf etdirmək lazımdır", - deyə o qeyd edib.

  • İran
  • İran
  • İran
  • İran
  • İran
  • İran
  • İran
  • İran
Chosen
3
1
day.az

2Sources