EN

Azərbaycanda 600 nəfər öləndən sonra donor olmaq istəyir MÜSAHİBƏ

ain.az bildirir, Modern.az portalına istinadən.

Yeganə Abbasova: "Reakimasiyada olan bütün xəstələr bizim donor mənbəyimizdir"Nazirlər Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyinin tabeliyində 2020-ci ilin dekabr ayında “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb.

Koordinasiya Mərkəzi ölkəmizdə orqan və toxuma donorluğu və transplantasiyası işinin təşkili, koordinasiyası və əlaqələndirilməsini həyata keçirir. Qurum donor orqanına ehtiyacı olan şəxslərin gözləmə siyahısının tərtib edilərək əməliyyatların ardıcıllığa uyğun aparılmasını təmin edir. Mərkəz əməliyyatlardan sonra xəstələrin təqibini də nəzarətdə saxlayır və əhali arasında bu sahədə maarifləndirmə işləri aparır.Modern.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova ilə müsahibəni təqdim edir. 

- Yeganə xanım, Qafqazda ilk dəfə Azərbaycanda şəxsin ölümündən sonra onun orqanlarının transplantasiyası həyata keçirildi. Bu uğura gəlmək üçün hansı maneələri aşmalı oldunuz?

- Qafqazda ilk böyrək transplantasiyası da 1971-ci ildə Azərbaycanda olub, eyni zamanda meyit donordan orqan köçürülməsinə də Azərbaycan birinci imza atdı. Əlbəttə ki, bütün bunlara səbəb Səhiyyə Nazirliyinin rəhbərliyi ilə orqan donorluğu və transplantasiyasının hüquqi bazasının hazırlanması, bu sənədlərin Prezident tərəfindən təsdiq edilməsi və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaranması, fəaliyyətə başlaması oldu. Biz fəaliyyətə 2022-ci ilin dekabrın 1-dən başladıq. 2023-cü ildən isə maarifləndirmə taparıldı, reanimatoloqlarla beyin ölümü kursları təşkil olundu. 35 il reanimasiyada fəaliyyət göstərmişəm, çalışmışıq xəstələrimiz şəfa tapsın. Onlar dünyasını dəyişəndə bu bizə də pis təsir edirdi. Amma biz bilməliyik ki, ölən bir nəfər səkkiz nəfərin həyatını xilas edə bilər. 35 il reanimatoloq kimi çalışandan sonra burada işə başlayanda anladım ki, orqan transplantasiyası reanimasiya şöbəsində bitən həyatın davamıdır. - Ölümündən sonra donor olanların sayı həyatda olanların sayından bəzi yerlərdə kəskin fərqlənir. ABŞ kimi ölkələrdə meyit donorların sayı çox yüksək olsa da, Qazaxıstan kimi ölkələr ailənin rəyi alındığı üçün bu sahədə geri qalır. Azərbaycanda vəziyyət necədir, orqanlarını bağışlamaq istəyən birinin ailəsi tərəfindən də razılığın alınması mütləqdirmi?- Səhiyyə Nazirliyinin Vahid İnformasiya Sistemi var. Biz bu sistemin operatoruyuq. Orqan mənbəyi olan  xəstəxanalarımıza (respublika üzrə reanimasiya şöbəsində süni tənəffüs aparatı olan bütün xəstəxanalar) məktub göndərdik ki, 9/15 və daha aşağı ağır xəstə olarsa, həmin xəstələr sistemdə göstərilsin. Biz Bakıda olan bütün xəstəxanaları Vahid İnformasiya Sisteminə bağladıq, həkimlərlə də təlimlər keçiririk ki, işləsinlər və proses ləng getməsin. Eyni zamanda 7 rayon xəstəxanası bu sistemə bağlanıb. Şabran, Ağsu, Xızı, Şamaxı, Siyəzən, Göyçay, Ucarda olan xəstəxanalar da bizim sistemə qoşulub və işləyirlər. Sistemə daxil olan xəstəxanalarda pasiyentləri görürük və onlarıq təqib edirik. Bütün dünyada ölkələr orqan donorluğuna görə 2 yerə bölünür: “opt in” və “opt out”. Azərbaycan, Türkiyə, Qazaxıstan, Ərəb ölkələri bu sahədə “opt in” ölkələrdir. “Opt out” ölkələrdə insan həyatını dəyişərsə, orqanların götürülmsəi onun ailəsindən soruşulmur. Keçmiş SSRİ ölkələri həmin vaxt “opt out” ölkələr idi. Yəni, potensial donorda beyin ölümü baş veribsə, onun orqanları dövlətin idi. “Opt in” ölkə olan Azərbaycanda isə Vahid İnformasiya Sisteminin reyestrinə daxil olub orqanlarınızı bağışlamamısınızsa, sizin ailənizdən orqanların bağışlanması ilə bağlı soruşulur. Əgər reyestrdən keçmisinizsə, sizin ailənizə xəbər verilir. Məsələn, deyilir ki, sizin həyat yoldaşınız orqanlarını bağışlayıb və biz həmin orqanları götürəcəyik. Artıq o zaman ailə etiraz edə bilməz. 

Qazaxıstan, Türkiyə kimi ölkələrdə şəxs öz orqanlarını bağışlasa da, beyin ölümündən sonra onun ailəsindən razılıq alınır. Əgər ailə razı deyilsə, orqanları götürülmür. Azərbaycan qanunvericiliyi isə bu baxımdan daha təkmildir. Fevral ayından indiyədək ölümündən sonra orqanlarını bağışlayan şəxslərin sayı 50-dən 600-ə yüksəlib. Səhiyyə Nazirliyinin və bizim mərkəzin işçiləri ilk sıradadır. Bu sahədə universitetlərdə də maarifləndirmə işlərini mütəmadi aparırıq. Müşahidələrimiz də onu deməyə əsas verir ki, yaşlı insanların əksəriyyəti orqanlarını bağışlamağa müsbət yanaşmasalar da, gənclər arasında bu tendensiya tamamilə fərqlidir. Bütün bunlara baxmayaraq, aparıcı rol reanimatoloqlara aiddir, yəni 10 milyon əhalinin 5 milyonu donor olsa da, reanimasiyadan beyin ölümünun olduğu ilə bağlı xəbər gəlməsə, bağışlanan orqanları belə götürmək mümkün olmayacaq. Bu sahədə isə ciddi işlərimiz gedir. Əvvəllər problemlərimiz var idi - sistem yeni idi. Həkimlər işin ciddiyyətini anlamırdılar. Lakin getdikcə, bu maneələr aradan qalxır. 

- Belə başa düşürük ki, reanimasiya şöbəsində olan hər beyin ölümü keçirmiş xəstə potensial donorunuz hesab olunur. Həmin şəxslərin ailələrindən icazə necə alınır?- Beyində 12 cüt baş-beyin sinirləri var. Bu sinirlərin fəaliyyətini yoxlayan testlər var. Reanimasiyada olan xəstə bütün testləri keçəndən sonra beyin ölümü dəqiqləşirsə, ailəsinə bu haqda məlumat verilir. Lakin meyit nə ailəsinə verilir, nə də orqanları götürülür. 12 saatdan sonra reanimatoloq və nevropatoloq testləri yenidən aparır. Əgər həqiqətən həmin şəxs sadəcə süni tənəffüs aparatına qoşulması ilə və ürəyi dayanmağa qoymayan dərmanlar hesabına yaşayırsa, onun ölümü təsdiqlənir. Reanimatoloqun transplantasiya haqqında xəstənin yaxınına nəsə söyləmə ixtiyarı yoxdur. Bizim nümayəndəmiz gəlib potensial donorun ən yaxın qohumlarından biri ilə söhbət edir və o icazə verirsə, meyitin orqanlarının qohumu tərəfindən bağışlanmasını göstərən xüsusi təsdiq olunmuş sənəd təqdim olunur. Orada bütün orqanların siyahısı var. Elə adam var hamısını, elə adam var sadəcə birini bağışlayır. Bu artıq insanlardan aslıdır. Onu da qeyd edim ki, əgər xəstənin orqanları yararlı deyilsə, biz yaxın qohumlarla söhbət aparmırıq. Çünki pasiyent xəstəxanaya daxil olanda bütün datalar əlimizdə olur.

- İndiyədək reanimasiyada həyatını itirən neçə nəfərdən ümumilikdə neçə orqan götürə bilmisiniz?- Beyin ölümü reallaşdıqdan sonra, reanimasiyada həyatını itirən şəxslərdən ümumilikdə 15 orqan donor kimi götürülüb.

- Bəs ən gənc və ən yaşlı donorunuzun neçə yaşı olub?- Ölümündən sonra ən gənc donorumuzun təqribən 30 yaşı var idi, ən yaşlı donorumuz isə 68 yaşında idi. - Bu sahədə işinizi ləngidən əsas faktor hansıdır və qarşısını almaq üçün nələr edilməlidir?- Orqan transplantasiyasının xərcləri tamamilə İcbari Tibbi Sığorta ilə qarşılanır. Bildiyimiz kimi, böyrək və sümük iliyinin köçürülməsi üçün tipləmə dediyimiz HLA (ağ qan hüceyrələrinin səthində tapılan xüsusi zülalları müəyyən edən bir genetik test növü – red.)  analizi lazımdır. Bir sözlə, bu orqanların köçürülməsi üçün həm qan uyğunluğu, həm də genetik uyğunluq lazımdır. Bizim böyrək gözləmə siyahımız var. Bu siyahıdakı resipiyentlərin genetik analizi İcbari Tibbi Sığortanın xidmətlər paketinə daxil olarsa, gözləmə siyahısındakı pasiyentlərin hamısının nəticələri sistemdə yerləşdiriləcək. Hər bir potensial donorun qanı Milli Hematologiya və Transfuziologiya Mərkəzində tipləmə laboratoriyasında genetik analiz olunur, eyni zamanda həmin qan qrupu üzrə 5 resipiyent göndəririk ki, onların da müayinələri aparılır. Yəni gözləmə siyahımızda olan şəxslərin genetik nəticələri də sistemdə olsa, artıq sistem özü genetik uyğun resipiyent göstərəcək. 

- Donor olmaq üçün hansısa məhdudiyyət varmı?- Bütün Azərbaycan vətəndaşları – xəstə, sağlam, gənc, yaşlı – hər biri orqanlarını bağışlaya bilər. Orqan bağışlamağı məhdudlaşdıran heç bir şərt yoxdur. Donor olmaq istəyənlər //odtkm.gov.az/az saytına girib bunu qeyd etməli, SİMA imza ilə təsdiqləməlidir. Daha sonra həmin şəxs reyestrə daxil edilir, bununla da donor olur. Eyni zamanda siz 8 orqanınızın hamısını bağışlamaya da bilərsiniz. Donor olmaq istəyəndə bunu sistemdə qeyd edirsiniz. Amma necə vəfat edəcəyimizi heç birimiz bilmirik. Məsələn, 18 yaşında donor olmaq üçün müraciət edən şəxs 80 yaşında vəfat edə bilər. Əgər həmin şəxsin orqanları sağlamdırsa, donor olmaq üçün götürüləcək. Və yaxud da bilmək çətindir ki, biz beyin ölümü ilə dünyamızı dəyişəcəyik, ya yox. - Orqanlarımızı özümüz bağışlayırıqsa, ailəmizə bununla bağlı xəbər verilir. Sağ olarkən bu haqda heç bir məlumat verməmişiksə, ailəmizin razılığı alınır. Bəs şəxs özü ümumiyyətlə orqanlarını bağışlamaqdan necə imtina edə bilər?- Vahid İnformasiya Sistemində iki reyestr var. Biri donor olmaq istəyənlərin, digəri isə donor olmaq istəməyənlərin qeydiyyatdan keçməsi üçündür. Donor olmaq istəməyən kimi reyestrdən keçən vətəndaşın hətta beyin ölümü reallaşdıqda belə, yaxınlarından orqanların götürülməsi ilə bağlı icazə alınmır.- Biz illərdir ki, canlı olaraq insanların yaxın qohumuna və ya başqalarına donor olduğunu görürük. Ümumiyyətlə, bu proses Azərbaycanda necə tənzimlənir və qarşısı alınmalıdırmı? - Ölkəmizdə ancaq ölümündən sonra donorların siyahısı var. Əgər yaxınımıza orqanımızı vermək istəyiriksə, mərkəzə müraciət edərək, həkimimizi seçirik. Sənədlər hazır olduqdan sonra həm donor, həm də resipiyent seçdiyi həkimin işlədiyi xəstəxanaya müayinə üçün göndərilir. Çünki hər canlı adam donor ola bilməz. Onun çəkisinin uyğunluğu, diabet və digər xəstəliklərin olub-olmadığı öyrənilir. Nəticədə donor və resipiyent üçün məlumatlandırılmış razılıq forması var. Donorun ən yaxını şahidlik etməli, razılıq verməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaxın qohumların donor olmasına icazə verilir. Eyni zamanda, bir sıra ölkələrdən fərqli olaraq ümumiyyətlə qohum olmayan şəxs və uzaq qohumlar da donor ola bilər. Lakin belə olanda sənədlər toplanılır və Etika Komissiyasına göndərilir. Etika Komissiyasında hüquqşünas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi, psixoloq olur. Onlar həmin donorla söhbət edəndə, onun orqanlarını müəyyən pul qarşılığında verib-vermədiyini anlayır. Nəticədə əsaslandıraraq icazə verməyə bilirlər. Həmin qərara isə yalnız məhkəmə yolu ilə yenidən baxıla bilər. 2023-cü ildən Etika Komissiyası Azərbaycanda fəaliyyətə başlayandan sonra bu cür halların qarşısı tamamilə alındı. Təbii ki, yetəri qədər potensial donorların orqanlarını köçürmək imkanımız yaransa, bu proses də özlüyündə tamamilə bitər. - Ölümündən sonra donor olanların son statistikasını da sizdən öyrənmək istərdik. Eyni zamanda, hazırda həyatı sadəcə orqan transplantasiyasına bağlı neçə nəfər var?- Ölümündən sonra donor olanların sayı 600 nəfərdir. 1021 Azərbaycan vətəndaşı isə orqan gözləyir və onların həyatı sırf bundan aslıdır. Orqan gözləyənlərin 500 nəfərə yaxını böyrək xəstəsidir. 4642 Azərbaycan vətəndaşı isə dializ alır. Dünya üzrə dializ alan xəstələrin 90 faizinə transplantasiya lazımıdır ki, dializdən xilas olsunlar. Amma meyit donor çıxacağına ümidləri olmadığı üçün düşünürlər ki, boş yerə sənəd düzəltməsinlər. Bütün dünyada böyrək gözləyən pasiyentlərin sayı digər orqanlardan qat-qat çoxdur, amma bizdə elə deyil. Çünki insanlar reanimasiyada dünyasını dəyişən yaxınının orqanını bağışlamaq istəmirlər. Halbuki bu, vəfat edən insanın savab qazanması üçün son şansıdır. Hər il 50-ə yaxın qara ciyər gözləyən, həmçinin ürək gözləyən vətəndaşımız rəhmətə gedir. Çünki süni qaraciyər və ya ürək yoxdur. Böyrək yetməzliyi olan xəstələr süni nəfəs aparatına qoşularaq yaşaya bilirlər. 

- Orqan gözləyənlər arasında azyaşlılar da olurmu? Onlara əsasən hansı orqan çatışmazlığından əziyyət çəkirlər?- 18 yaşına qədər böyrək, qaraciyər, ürək gözləyən uşaqlarımız var. Ürək və qaraciyər transplantasiyasında tipləmə analizinə ehtiyac duyulmur. Xüsusi ilə də ürəkdə əsas olan donor və resipiyentin çəki və boyunun bir-biri ilə uyğun olmağı önəmlidir. Eyni zamanda qan qrupu üst-üstə düşməlidir. Digər nüanslar – yaş, cins və sair önəm daşımır. - Potensial donorlardan götürülən orqanların şəffaf paylanması necə tənzimlənir? Burada əsas olan kodekslər hansılardır?- Burada insan faktoru yoxdur. Vahid İnformasiya Sistemi özü donor gözləyən şəxsləri göstərir. Təcililik statusu olur. Bu kateqoriyaya əsas ürək və qaraciyər daxildir. Həkim transplantoloq hər ay xəstələri “check up” edirlər və əgər pasiyentin vəziyyəti ağırlaşıbsa, onlar sistemdə təcililiyə daxil olunur. Məsələn, reanimasiyada potensial donor həyatını itirdikdən sonra II qan qrupuna aid qaraciyər təcililik statusunda olan, eyni qan qrupuna aid pasiyentə veriləcək, çünki o ölə bilər. Həmçinin təcililik statusunda olan xəstənin vəziyyəti mütəmadi olaraq qiymətləndirilir. Qaraciyər, böyrəkdə bu 48 saatdan, ürəkdə isə 24 saatdan sonra yenidən yoxlanılır. Çünki o, rəhmətə gedə və ya normal siyahıya qayıda bilər. - Bu cür olan halda potensial donorun yaxını hansısa orqana ehtiyac duyarsa, həmin meyitin orqanı qohumuna köçürülmür?- Bütün dünyada proses belədir. Potensial donor orqanlarını bağışlayanda gözləmə siyahısında yaxını varsa, öldükdən sonra yaxınının ehtiyacı olduğu orqanlarını ona verə bilir. Ancaq həmin şəxs mütləq gözləmə siyahısında olmalıdır. Bu kifayət qədər məntiqi haldır. Əgər vəfat edən şəxs bir böyrəyini qohumuna verirsə, 7 orqanla başqalarına da şəfa verə bilər. Bu yaxınlarda belə potensial donorumuz oldu, ailə ilə danışdıqdan sonra yaxınları bildirdi ki, orqanları bağışlaya bilərik, lakin yaxın qohumumuzun da böyrəyə ehtiyacı var, bir orqanı ona verin. Biz razılaşdıq, lakin tipləmə testi aparmalı olduğumuzu dedik və uyğun gəlsə köçürmənin baş verəcəyini söylədik. Qarşı tərəf isə uyğun gəlməyəcəyi ehtimalını düşünərək orqanları bağışlamadı. 

- Orqan transplantasiyası keçirən biri daha sonra özü də orqanlarını bağışlaya bilərmi?- Əlbəttə, elə insanlar var ki, özlərinə orqan transplantasiya edəndən sonra, o da donor kimi digər orqanlarını bağışlayır. Belə hallar da mümkündür, köçürülən orqan istisna olmaqla digər sağlam orqanlar daha sonra həmin orqana ehtiyac duyanlara köçürülə bilər. - Artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərirsiniz. Bəs gələcək planlarınız nələrdir?- Türk Dövlətləri Təşkilatlarına daxil olan ölkələrin birgə “Türk transplant” adlı platforması Azərbaycan Respublikası Səhiyyə Nazirinin təşəbbüsü ilə yaradılıb və ölkələr Niyyət Protokolunu imzalayıb. Bizim Vahid İnformasiya Sisteminə tezliklə bütün ölkələr qoşulacaq. Nəticədə bura daxil olan bütün ölkələr bir-birinə kömək ola biləcək. Həmçinin türkdilli dövlətlər genetik olaraq bir-birlərinə çox yaxındırlar. Əsas proyekt kök hüceyrənin transplantasiyasından başlayacaq. - Çalışdığınız sahədə insanların maariflənməsi önəmlidir. Son olaraq oxucularımıza nə demək istərdiniz?- Medianın maarifləndirmə işi çox əhəmiyyətlidir. Bütün Azərbaycan vətəndaşlarına üzümü tutub deyirəm ki, dializdə olan 4642 şəxs arasında bizim qohumumuz, yaxınımız ola bilər. Heç kim bundan sığortalı deyil və öz yaxınlarımız bunu yaşayanda, həmin xəstələri daha yaxşı anlayırıq. Bu əziyyəti yaşamamış, gəlin yaxşılıq edək. Əsas da həkim reanimatoloqlara üzümü tutaraq deyə bilərəm ki, ağır xəstələrinizlə bağlı vaxtında xəbər çatdırın, beyin ölümü diaqnozlarınızı qoyun və nə kömək lazım olsa, Mərkəzin telefonları 24 saat açıqdır. Vaxtında məlumat verdiyiniz təqdirdə, biz də yaxın qohumlarla danışıb gözləyən insanların ümid çırağı ola bilərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
2
modern.az

3Sources