EN

“Konstitusiya və Suverenlik İli”nin elan olunması dövlətçilik konsepsiyasının tərkib hissəsidir- ÖZƏL

"2025-ci il Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır, çünki Konstitusiyanın qəbulunun 30 illiyi qeyd edilir. Bundan başqa, 44 günlük Vətən müharibəsində Qələbənin 5 illiyi tamam olur. Həmçinin 20 Sentyabr- Dövlət Suverenliyi Gününün ikinci ildönümünü qeyd etdik.   Bu tarixi paralellik həm hüquqi, həm siyasi, həm də ideoloji müstəvidə dövlətçilik ənənələrinin dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması haqqında Sərəncamı təsadüfi deyil, strateji dövlətçilik konsepsiyasının tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Dövlət Suverenliyi Günü tarixə nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Belə ki, beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.  2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı İkinci  Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources