Azərbaycanda ən dəhşətli problemlərdən biri tıxacdır. Deməyin ki, öyrəşmisiniz. Bu qənaəti qətiyyən yaxına buraxmayın. Çünki bu problem həllini tapmadıqca hansı dərdə düşdüyünüzün fərqinə varmırsınız. Ay camaat, saatlarla yolda qalmaqla orta hesabla həyatınızın böyük bir hissəsini itirən sizsiniz.
Bəli, tıxac sosial bir bəladır, keçib xalqın boğazına. Artıq bu, bir şəhərin problemi deyil. Çünki ölkənin yarıdan çoxu bura yığışıb. Ola bilsin aranızda elələri olacaq ki məni məsələni şişirtməkdə qınayacaq. Amma hər bir şəxs biləndə ki, tıxaclarda uzun müddət hərəkətsizlikdə qalan insanın sinir sistemi gec-tez iflic olur, onda mənə haqq qazandıracaqsınız. Məgər camaatda aqressiyanı görmürsünüz? Bu, nəyin nəticəsidir? Əlbəttə ki, tıxac və yaşıllıqların az olmasının.
Bu gün hər bir bakılı, şəhərin müvəqqəti qonaqları, iş üçün paytaxta pənah gətirənlər xarakterik xəstəliklərə yoluxur. Uzun müddət gözləmə, eləcə də oturaq qalmaq hər kəsdə bel, boyun ağrılarını artırır, havadakı tüstü və qazlar ürək-damar və tənəffüs xəstəlikləri riskini yüksəldir.
Xüsusi qeyd: Uzun siqnallar, mühərrik səsləri, səs-küy şəhərdə yaşayan, işləyən hər kəsin ömrünü qısaldır. İnsanlarda psixoloji gərginlik yaradır. Daimi tıxacda qalan insanlarda xroniki yorğunluq başqa fəsadlara yol açır. Bu sosial bəla işə gələnlərdə məhsuldarlığı azaldır, hətta depressiya hallarına rəvac verir.
Bu gün sosial şəbəkələrdə kütlənin, ayrı-ayrı profillərin kin-küdurəti, aqressiyası məhz bundan doğur. Bir yoluxucu xəstəlik kimi bütün insanlara sirayət edir.
Nəqliyyatın fəlakət həddində olan sıxlığı ölkənin enerji balansına da ciddi təsir göstərir. Aşağı sürətlə, tez-tez dayanıb hərəkət etməklə avtomobillər daha çox yanacaq yandırır ki, paytaxtın ekoloji vəziyyətini olduqca bərbad hala salır.
Haşiyə: Dayanaraq işləyən mühərriklərdən havaya daha çox karbonmonoksid, azot oksidi və digər zərərli qazlar çıxır. Beləliklə, tıxac Bakının “karbon izi”ni böyüdür, qlobal istiləşməni sürətləndirir.
Şəhərin təsərrüfatına ağır zərbə vuran tıxaclar eyni zamanda daxili logistika problemlərini ən yüksək səviyyəyə çatdırır. Malların, xammalın daşınmasında gecikmələr şirkətlərin xərclərini artırır, bazarda qiymətlərin artmasına ciddi təsir edir.
Tıxacda əsəbi olan sürücülər daha çox qəza törədir. Onsuz da bərbad halda olan ictimai nəqliyyatın mövcudluğunu zərbə altına qoyur, avtobus və marşrutların effektivliyini heçə endirir.
İnsanlar tıxac qorxusuna görə işə yaxın ərazilərdə yaşamağa çalışır, bu da mənzil bazarında qiymətlərin artmasına səbəb olur.
Turistlər üçün tıxaclı Bakı cazibədarlığını itirir.
Bəs çıxış yolu nədir? Giriş və dayanacaqların pullu olması məsələni tam kökündən həll edə bilməz, yalnız büdcə dolar. Ən azından dövlət strukturlarının əksəriyyətində təkmilləşdirilmiş onlayn sistemi tətbiq olunmalıdır. Güc nazirlikləri, hüquq-mühafizə orqanlarından başqa əksər dövlət müəssisələri, qurumları bu sistemə keçməklə həm şəhəri, həm də insanları sosial bəladan qurtara bilər. Hökumət təcili tədbirlər görməsə, bu, özünü başqa şəkildə də göstərəcək. Onsuz da heç kim heç kimin kitabını oxumur.
Fadil Paşayev,
Əməkdar jurnalist