EN

Makron Rusiyanın Polşaya dron hücumuna münasibət bildirib: Bu, səhv deyildi

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Son həftələrdə Rusiya pilotsuz uçuş aparatları bir neçə dəfə NATO ölkələri olan Polşa və Rumıniyanın hava sərhədlərini pozub. NATO təyyarələri buna cavab olaraq havaya qalxıb.

Bizimyol.info xəbər verir ki, "CBC News" bu məsələ ilə bağlı Fransa Prezidenti Emmanuel Makrona "ABŞ-ın keçmiş prezidenti Donald Trampın iddia etdiyi kimi, sadəcə bir səhv ola bilərmi?", - deyə sual verib.

Makron bunun təsadüfi olmadığını bildirib və qeyd edib ki, Rusiya bu addımı ilə NATO-nun zəif olmasını göstərmək istəyir: “Aydındır ki, Rusiya Avropada sabitliyi pozan və aqressiv gücdür. O, son həftələrdə Kiyevə hücumları artırıb, çoxlu sayda mülki şəxsi qətlə yetirib, Ukrayna hökumətinin, eləcə də Britaniya və Aİ-nin nümayəndəlik binalarını dağıdıb. Eyni zamanda, Polşa və Rumıniyanın hava məkanını pozub. Bu səhv deyil, planlı şəkildə həyata keçirilən hərəkətlərdir. Bu, Ukraynanın mümkün qədər çox ərazisini məhv etmək və rus xalqına NATO-nun hərbi gücünün zəif olmasını barədə dediklərini sübut etmək məqsədi daşıyır”, - deyə Makron bildirib.

Mətbuat qeyd edib ki, NATO bu insidentlərlə bağlı araşdırmalar aparır və hələlik rəsmi nəticə açıqlanmayıb.

Makron həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin diplomatik yolla həllinə çalışır və bu məqsədlə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə sammit təşkil edib. Lakin Makron hesab edir ki, Putin hələ də sülhə ciddi yanaşmır: “Trampın sülh istəyi olduğunu və bu istiqamətdə risklərə getdiyini düşünürəm. Ankoricdə sammit təşkil edib və danışıqlar üçün təşəbbüs göstərib. Amma təəssüf ki, Rusiya tərəfi bunu real addımlarla dəstəkləmir. Əksinə, biz diplomatik yollar axtararkən, Rusiya Donbas və Kiyevdə hücumları artırdı. Mən sadəcə faktlara baxıram və prezident Tramp da faktlara görə hərəkət edir”, - deyə o qeyd edib.

Makron bu səbəbdən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacib olduğunu deyib: “Biz sanksiyaları artırmalı və eyni zamanda Rusiyanı danışıqlar masasına qaytarmağın yollarını tapmalıyıq”.

O, həmçinin Vaşinqtonda keçirilən görüşü də xatırladıb. Həmin görüşdə Ukrayna Prezidenti Zelenski və Avropa liderləri Ukraynaya müharibədən sonra təhlükəsizlik zəmanətlərinin verilməsi üçün öhdəlik götürüblər: “Biz Avropa liderləri olaraq Vaşinqtonda Zelenski ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyi öhdəmizə götürdük. Bir neçə gün əvvəl Parisdə "istəkli ölkələr koalisiyası"nı topladıq. Artıq 30 ölkə Ukraynaya gələcəkdə təhlükəsizlik təminatı vermək üçün birgə işləyir”, - deyə o əlavə edib.

Sonda Makron bildirib ki, indi əsas məqsəd Ukrayna ilə Rusiya arasında danışıqların təşkili və sülh müqaviləsinin şərtləri – ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri, bərpa və eskalasiyanın qarşısının alınması kimi məsələlər üzrə razılığın əldə olunmasıdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
bizimyol.info

1Sources