"Fənərbağça" klubunun yeni prezidenti Sadettin Saran olub.

O, 7 illik Ali Koç dönəmindən sonra İstanbul təmsilçisini idarə edəcək.

Bəs Sadettin Saran kimdir? - DOSYE

O, 1964-cü ildə dünyaya gəlib. Onun atası türkiyəli, anası isə ABŞ-lıdır. 

Amerikada dünyaya gələn 61 yaşlı biznesmen daha uşaq olarkən Türkiyəyə gəlib və daha sonra yenidən təhsil üçün okeanın o tayına yollanıb.

S. Saran 1995-ci ildə öz şirkətini - "Saran Holdinq"i qurub.

O, eyni zamanda həmin dövrlərdə ESPN-in Türkiyə təmsilçisi kimi idman yayım sahəsinə daxil olub.

İdmanla da məşğul olan Saran ABŞ-da oxuyarkən məktəbin üzgüçülük komandasının kapitanı olub və iki il ərzində ən dəyərli idmançı seçilib. O, 1984-1985-ci illərdə üzgüçülük üzrə Türkiyə milli komandasının kapitanı olub.

O, 2004-cü ildə Bundesliqa klubu "Borussiya"nın (Dortmund) 4 milyon avro dəyərində səhmlərini alıb. Bir il sonra klubda yaranan maliyyə qalmaqalından sonra Dortmundlu azarkeşlərin reaksiyasından sonra Saran səhmlərini satıb.

"S Sport", "Radyospor", "Radyo Müzik", "Radyo Trafik", "Ajansspor" saytı və "tuttur.com" mərc saytı kimi media qurumları da Sadettin Sarana məxsusdur.

O, daha əvvəl Aziz Yıldırım dönəmində "Fənərbağça" klubunda futbol şöbəsinin sədri kimi klubun idarə olunmasında iştirak edib.

Daha sonra A. Yıldırımla arasında yaşanan problemlərə görə vəzifəsindən ayrılıb.

S. Saran "Fənərbağça" klubunun 43-cü prezidenti olacaq.

Qeyd edək ki, ötən gün ona məxsus olan "tuttur.com" mərc saytı fəaliyyətini dayandırıb.