"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Ağır oyun alındı. Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışdılar. Hətta epizodlar da yaratdıq. Meydanda azlıqda qaldıqdan sonra "Qarabağ"a qarşı mübarizə aparmaq çətin olur. Ağır məğlubiyyəti unudub qarşıdakı oyuna hazırlaşmaq lazımdır".
Mütəxəssis görüşdəki hakim qərarlarından da danışıb: "Penalti epizodu ilə razıyam, var idi, amma eyni zamanda komandanı azlıqda qoymaq ağır qərar idi".
E.Baxşıyev qapıçısı Kristian Avramın çıxışını da dəyərləndirib: "Məğlubiyyətimizin səbəbi Avram deyil. Komanda şəklində çox səhvlər etdik. Qırmızı vərəqədən sonra isə sanki ritmdən düşdük".
O, zədəli futbolçusu Ramon Maçado barədə də söz açıb: "Maçado bizim üçün önəmli futbolçudur. Biz də onun tezliklə sıralarımıza qoşulmasını istəyirik. Fərdi məşqlərə başlasa da, kollektivlə birgə hazırlıq keçmir".