Bakı şəhərində hər il Avropa Mobillik Həftəsi çərçivəsində təşkil olunan Car-Free Day (Avtomobilsiz Gün) bu il də 22 sentyabrda baş tutacaq.
News24.az xəbər verir ki, tədbirlə bağlı məlumatı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev paylaşıb.
Onun sözlərinə görə, 2025-ci il üçün tədbir Məhəmməd Naxçıvani küçəsində planlaşdırılıb:
"Gün ərzində küçədə avtomobil hərəkəti məhdudlaşdırılacaq, bunun əvəzində velosiped, skuter və piyada zonaları fəaliyyət göstərəcək. Proqram çərçivəsində velosiped və skuter nümayişləri, həmçinin test sürüşləri təşkil olunacaq. Uşaqlar üçün “Nəqliyyat və ətraf mühit” mövzusunda rəsm müsabiqəsi keçiriləcək. Bundan əlavə, mikromobillik zolaqlarında təlimlər aparılacaq, ekoloji maarifləndirmə aksiyaları həyata keçiriləcək".
"Tədbirin əsas məqsədi şəhər sakinlərinə göstərməkdir ki, avtomobildən istifadə etmədən də rahat, sağlam və təhlükəsiz hərəkət etmək mümkündür", - deyə o qeyd edib.