EN

Bakıda növbəti "Formula 1" yarışı uğurla yekunlaşdı

Bakıda "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi olub. Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Himnimiz dünyaşöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirilib. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olunub. Açılışda, həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edilib.

Açılışdan sonra "Formula 1" Azərbaycan Qran-Prisi-2025 start götürüb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar.

Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız Qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Qran-Prinin qalibi olub. Corc Rassell (“Mersedes”) ikinci, Karlos Saynz (“Uilliams”) üçüncü olub.

Sonra "Formula 1" Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq, Böyük Britaniya və Niderlandın dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 19-da start verilib. İlk gündə keçirilmiş birinci sərbəst yürüşdə “McLaren”in pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən Luis Hemilton finişə hamıdan tez çatıblar.

Chosen
17
9
publika.az

10Sources