EN

Tanınmış tarixçi İlber Ortaylı: Naxçıvanda qədim Azərbaycan mədəniyyəti çox canlı şəkildə yaşayır

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

Naxçıvan gəzmək üçün çox gözəl məkandır. Mənzərəsi çox əladır. Kəngərlilər Naxçıvanın tanınmış tayfalarındandır. Mən hətta bir Kəngərlini fotodan tanıdım – Fikrət bəy Kəngərlini. Azərbaycanın Dəmiryol İdarəsinin rəisi idi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda səfərdə olan tarixin, mədəniyyətin və elm dünyasının böyük simalarından biri – türkiyəli professor, tanınmış tarixçi və yazıçı İlber Ortaylı jurnalistlərə müsahibəsində deyib.

Professor qeyd edib ki, Naxçıvan son dərəcə sevimli bir yerdir. İqlim olaraq bərəkətli bir torpaqdır: "İnşallah, gələcəkdə daha da çox inkişaf edəcək. Tarixi material baxımından çox zəngin bir şəhərdir. Kaş ki daha çox vaxtım olardı və Naxçıvandakı bütün tarixi arxiv materiallarını tədqiq edə bilərdim".

Onun sözlərinə görə, Naxçıvanda qədim Azərbaycan mədəniyyəti çox canlı şəkildə yaşayır. Naxçıvan xan sarayında da bu görünür. Qədim əsərlərdə bu var. Klassik mədəniyyət çox aydın şəkildə bilinir. Universitet davam edir, həyat davam edir.

"Yeni müqaviləyə görə, Naxçıvanın Azərbaycanla bağlantısı yaranacaq. Buna "Trump Dəhlizi" adı verildi. Bu, Naxçıvanın inkişafına çox təsir göstərəcək. İstiqbalı parlaq bir şəhərdir. Türk dünyasında Naxçıvan kimi baxımlı və təmiz şəhər tapmaq çox çətindir. Beləliklə, mədəni inkişaf qorunaraq saxlanılacaq, Azərbaycan ənənələri qədim zamanlarda olduğu kimi davam edəcək”, - deyə İlber Ortaylı əlavə edib.

 

Chosen
4
2
azertag.az

3Sources