EN

Hitrou hava limanında kiberhücumdan sonra ikinci gün də gecikmələr gözlənilir

London, 21 sentyabr, AZƏRTAC

Avropanın bir sıra hava limanlarında, o cümlədən Londonun Hitrou hava limanında sərnişinlər kiberhücum nəticəsində ikinci gün də çətinliklərlə üzləşiblər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hücum nəticəsində bir neçə aviaşirkətin istifadə etdiyi qeydiyyat və baqaj sistemi sıradan çıxıb. Şənbə günü yüzlərlə uçuş gecikib və bəzi hava limanlarında sərnişinlərin minik prosesi qələm və kağız vasitəsilə aparılıb. Brüssel Hava Limanı bildirib ki, sistemin nə vaxt bərpa olunacağı barədə hələ məlumat yoxdur və aviaşirkətlərə uçuşların yarısını ləğv etməyi tövsiyə edib.

Hadisə “Collins Aerospace” şirkətinə məxsus “Muse” proqram təminatını hədəf alıb. Bu proqram müxtəlif aviaşirkətlərə eyni qeydiyyat masalarından və minik qapılarından istifadə etməyə imkan yaradır.

Şirkətin sahibi RTX açıqlamasında hava limanlarında kiberhücumla bağlı nasazlıqdan xəbərdar olduqlarını və problemi ən qısa zamanda həll etməyə çalışdıqlarını bildirib. Lakin nasazlığın səbəbi və sistemin tam bərpası üçün tələb olunan vaxt barədə əlavə məlumat verilməyib. Hitrou rəhbərliyi bazar günü də problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
12
1
azertag.az

2Sources