EN

Azərbaycanlı alim daha bir beynəlxalq mükafata layiq görülüb

Azərbaycan hüquq elminin daha bir tanınmış simasının elmi fəaliyyəti nüfuzlu beynəlxalq təşkilat tərəfindən yüksək dəyərləndirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru professor İsaxan Vəliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə qurumun həqiqi üzvü – akademiki seçilib. O, eyni zamanda, türk dünyasında hüquq elmi və təhsilinə göstərdiyi xidmətlərinə görə “Qızıl Ulduz” medalı ilə təltif edilib.

Qeyd edək ki, prosessor İsaxan Vəliyev 170-dən artıq elmi əsərin, 4 monoqrafiyanın, 4 dərs vəsaitinin və 2 dərsliyin müəllifidir. Tanınmış alim hüquq elminin inkişafındakı böyük xidmətlərimə görə bir sıra mükafatlara, o cümlədən, Milli Elmlər Akademiyası Prezidentinin fəxri fərmanlarına, Avropa nəşr mətbuat evinin qızıl, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının gümüş, İtaliyanın Kafoskari Universitetinin xatirə medalına layiq görülüb.

Beynəlxalq Kriminalistlər və Kriminoloqlar Cəmiyyətinin Bakı nümayəndəliyinin rəhbəri, Fransadakı Sofiya Antipolis Universitetinin fəxri doktoru olan tanınmış alim türk dünyası ölkələrində təşkil edilən müxtəlif beynəlxalq elmi konfrans və simpozumlarda iştirak edib. O, həmçinin hazırda qüvvədə olan “Türk Cəza Qanunu”nun Azərbaycan dilinə tərcüməsinin elmi redaktorudur.

Professor İsaxan Vəliyevin “Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" adlı elmi monoqrafiyası Qazaxıstan Respublikasında böyük rəğbətlə qarşılanıb və elmi ədəbiyyat kimi istifadə olunur.

Alimin 2019-cu ildə nəşr edilən və Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə ithaf olunan “Sabitlik və rifah naminə siyasət” kitabında bir sıra mühüm məsələlərlə yanaşı, türk dünyası ilə bağlı ictimai-siyasi proseslər, Türkdilli Dövlətlər Təşkilatının gələcək inkişaf perspektivləri geniş işıqlandırılıb. İsaxan Vəliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ailə hüququ” dərsliyində isə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin qanunvericiliklərinin müqayisəli təhlilinə yer ayrılıb.

Chosen
4
1
ikisahil.az

2Sources